"Azərbaycanlı futbolçunun aşağı liqadan pillə-pillə İspaniya Primerosuna qədər yüksəlməsi çətindir" - MÜSAHİBƏ

14:17 - 27 May 2023

İspaniyanın üçüncü liqasında “Marino De Luanko”dan ayrılan Nazim Məmmədzadə Sportal.az saytına müsahibə verib. 

- "Marino De Luanko"dan ayrılmağına səbəb nə idi? Özün qalası olmadın, yoxsa yeni müqavilə təklif etmədilər?

- Düzünü deyim, bu komandada az-az oynayırdım. Həm də, maliyyə məsələsi məni çox da qane etmirdi. Ona görə də qalası olmadım, ayrıldım oradan. Xeyirlisi. Vəziyyət belə addım atmağa məcbur etdi. 

- İspaniya üçüncü liqasında oynamaq çətin deyildi? Səviyyə yəqin ki, daha yaxşıdır?

- Bəli, üçüncü liqanın səviyyəsi daha yaxşıdır. Bizim Premyer Liqa səviyyəsindən bir az aşağıdır. Amma bu çempionatdakı komandaların hamısı taktiki futbola üstünlük verirlər. Ağıllı oynayırlar. Bu da çox yaxşıdır. Maraqlı liqadır.

- Maraqlıdır, azərbaycanlı futbolçunun aşağı liqalardan pillə-pillə yüksələrək İspaniya Primerosuna qədər gəlib çıxması mümkündür? Yüksək liqadakı komandalarından birinin diqqətini çəkə bilmədin?

- Azərbaycanlı futbolçunun aşağı liqadan pillə-pillə İspaniya Primerosuna qədər yüksəlməsi çətindir. Çünki burada çox futbolçu olub. Rəqabət isə yüksək səviyyədədir. Amma mən əlimdən gələni edəcəm ki, həmin yerlərə gəlib çatım. Mümkünsüz bir şey yoxdur. Görək də, necə olur.

- Deyəsən, artıq Bakıya qayıtmısan. İspaniyada oynamağın Azərbaycan klublarının marağına səbəb olmayıb, təklif göndərməyiblər?

- Bəli, artıq Bakıdayam. Ailəmi görməyə gəlmişəm. Hələ ki, heç bir klub mənimlə və ya menecerimlə əlaqə saxlamayıb. Sakitçilikdir. Təklif almamışam.

- Bildiyim qədərilə "Moralo" ilə müqavilən qüvvədədir. Yeni və daha cəlbedici təkliflər almasan, qarşıdakı mövsümə də bu klubda başlayacaqsan?

- Bəli, heç bir təklif olmasa, “Moralo”ya qayıdacam. Bir ildə orada oynayıb, bir az da yuxarı qalxmağa çalışacam. Səviyyəcə daha üst çempionatda oynamağa can atıram. Alınacağına da çox inanıram.

Mirbağırağa
 

Xəbər xətti