"Byelitsa məni "Osiyek"ə dəvət etmişdi, maliyyə məsələlərini həll edə bilmədilər"

18:34 - 3 İyun 2023

"Nenad Byelitsanı yaxşı tanıyıram. Komandalarımız qarşılaşanda onunla qısa dialoqumuz olmuşdu. Sizə bir sirr açmaq istəyirəm. "Dinamo"ya gəlməmişdən əvvəl Byelitsa məni "Osiyek"ə dəvət etmişdi. O, klubun direktoru deyildi. Mən də həmin komandaya keçməyə yaxın idim, amma sonda bu baş vermədi. Güman edirəm ki, "Osiyek" maliyyə məsələlərini həll edə bilmədilər. Çünki “Legiya”ya təzminat ödəmək lazım idi".

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin və "Dinamo"nun hücumçusu Mahir Emreli Xorvatiya mətbuatına açıqlamasında deyib. "Germanijak"a danışan forvard vaxtı ilə "Osiyek"ə keçmək variantının olduğunu söyləyib. Bununla yanaşı, "Trabzonspor"un baş məşqçisi Nenad Byelitsa haqda xoş fikirlər səsləndirib: "Byelitsa məni heyran etdi, sözünün üstündə duran biridir. Onun yaxşı məşqçi olduğunu düşünürəm. "Trabzonspor" azarkeşləri də, onun komandanı yenidən Türkiyə futbolunun zirvəsinə yüksəldəcəyinə inanır. Məncə, bu azarkeşlər Türkiyənin ən çılğınlarıdır. Trabzonda hər sakin bu klub üçün yaşayır və başqa heç nə önəmli deyil. Düşünürəm ki, Byelitsanın uyğun xarakteri var. İnanıram ki, növbəti mövsümdə o, gözəl komanda yaradacaq".

Emreli xorvatiyalı həmkarımızın “səni “Trabzonspor”a dəvət edəcək?” sualına isə belə cavab verib: “Biz bu haqda danışmamışıq. Gəlin, yaxın gələcəkdə karyeramla bağlı hər şey aydınlaşdıqda, necə olacağına baxaq. Mən mütləq yenidən Zaqrebə gələcəm, bu şəhər və insanlar mənim yaddaşımda gözəl xatirə kimi qalacaq".

Mirbağırağa

Xəbər xətti