"Son mövsüm mənim üçün yaxşı keçdi. 26 oyun oynadıq, onlardan 24-də start heyətində meydana çıxdım. İki oyundan birini cəzalı, digərini isə zədəli olduğum üçün buraxdım. 24 matçda da 5 qol vurub, 13 asist etmişəm. Ümumilikdə yaxşı keçdiyini deyə bilərəm. Özü də, mövsüm başlamamışdan qabaq yeni komandaya keçmişəm. Yeni olsam da, hər şey yaxşı alındı. Eyni liqada oynayıram, amma indi daha yaxşı komandadayam".
Bu sözləri Sportal.az saytına açıqlamasında Ayxan Cabbarov deyib. Hazırda İsveçin "Yonseredes" klubunda oynayan azərbaycanlı futbolçu bir neçə təklif aldığını, amma hələ ki qərar vermədiyini bildirib. Bununla yanaşı, "Göteborq" futbol klubunun 22 yaşlı yetirməsi İsveçdə əsas liqada oynamaq şanslarını dəyərləndirib:
"Qışdan sonra necə olacağını deyə bilmərəm. Dörd təklifim var, ikisi rəsmi dəvət göndərib. Hər ikisi də İsveçdəndir. Bu mövsüm öz rekordumu vurmuşam, 24 oyuna 18 xal əldə etmişəm. İki həftə əvvəl liqamız başa çatıb. Yanvarda yeni komandamla bağlı yenilik ola bilər. Azərbaycanda da oynamaq olar. Sadəcə baxır, hansı komandadan təklif gəlir. Şərait də önəmlidir. 100 faizlik təklifim yoxdur, amma maraqlanan iki komanda da elə Azərbaycandandır. İndidən nəsə deyə bilmirəm. İsveçin əsas liqasında oynamaq üçün özümdə potensial görürəm. O gücdə olduğumu düşünürəm. Bunun üçün çoxlu işləmək də lazımdır. İnanıram ki, ən uzağı 1-2 ilə həmin yerlərə gəlib çıxacam. Allah qoysa, qarşıdakı mövsüm daha yaxşı olacam".
Mirbağırağa
