Ceyhun Sultanov: "Yaxşı futbolçudur, amma millimiz nə Şahruddindən, nə də Mahirdən asılıdır" - MÜSAHİBƏ

14:33 - 12 Noyabr 2025

Azərbaycan milli komandasının sabiq futbolçusu Ceyhun Sultanov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası İslandiya ilə qarşılaşacaq. Bu tsiklə 0:5 uduzduğumuz rəqiblə Bakıdakı görüşdən nə gözləyirsən?

- Bəli, yığma komandamız 0:5 uduzub, doğrudur. Amma baş məşqçi dəyişikliyindən görünür ki, komandamız artıq yaxşı müdafiə oluna bilir. İnanıram ki, Bakıda oradakı kimi olmayacaq. Evdə rəqibə müqavimət göstərəcəyik.

- Əsas qolkiper Şahruddin Məhəmmədəliyev olmayacaq, Mahir Emreli də həmçinin. Millinin hazırkı heyəti haqda hansı fikirdəsən? Onların yoxluğu təsir edə bilər?

- Düşünmürəm ki, bu futbolçuların olmaması millimizə təsir edəcək. Komanda şəklində müdafiə olunmağı bacarırıq. Son üç matçda bunu göstərdik. Əsas odur ki, düşəcək qol epizodlarından istifadə edək. Mahir Emrelinin yaxşı və keyfiyyətli futbolçu olduğuna əminəm. Sadəcə olaraq, millimiz nə Şahruddindən, nə də Mahirdən asılıdır.

- Milli komandaya yeni dəvət edilən Rüfət Abdullazadənin İslandiya və ya Fransa görüşündə şans veriləcəyini düşünürsən? Elə Mahir Emrelinin mövqeyindədir...

- Rüfət Abdullazadənin milliyə dəvət olunmasına sevinirəm. Çünki buna haqq edirdi. Amma indiki durumda məşqçilər onun hansı durumda olduqlarını daha yaxşı bilirlər. Məşqlərinə baxacaqlar. Ayxan Abbasovu tam qane edəcəksə, əlbəttə ki, meydançada onu da görə bilərik.

- Ayxan Abbasovun rəhbərliyi altında geridə qalan 3 görüşdə milli komandamızın oyununda və ya hansısa detallarda proqress olduğunu düşünürsən?

- Üç oyuna onu deyə bilərəm ki, komandamız bayaq dediyim kimi, yaxşı müdafiə olunmağı bacarır. Artıq futbolçular necə müdafiə olunmaq lazımdır. Əks-hücuma çıxmağa da çalışırlar. Ayxan Abbasovun oynatdığı futbol bu gün budur. Bu sistemi daha yaxşı bilir. Məncə, eyni oyunu davam etdirmək və düşən qol imkanlarından istifadə etmək lazımdır.

- Yəqin ki, Ayxan Abbasovun rəhbərliyi altında millinin qarşısına qoyulacaq əsas hədəf Millətlər Liqasında D divizionundan C divizionuna çıxarmaq olacaq? Hazırkı heyət bunu etməyə yetərlidir?

- Əlbəttə ki, bu heyətlə D liqasından çıxmaq da mümkündür. Sadəcə komandamız daha da inkişaf etməlidir. Millimiz D liqasına layiq komanda deyil. Bunu hamımız bilirik. Nə qədər oyunları uduzmuşuq. Amma sistemsiz şəkildə oynamışıq, uduzmuşuq. Ona görə də D liqasına düşmüşük. C liqasına vəsiqə qazanmaq mümkün olacaq.

Mirbağırağa

Xəbər xətti