Millimizin futbolçuları üçün seminar keçirildi

12:53 - 14 Noyabr 2025

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə Azərbaycanın U-15 milli komandasının futbolçuları üçün “Futbolda Uşaq Hüquqlarının Qorunması” mövzusunda seminar keçirilib.

Sportal.az xəbər verir ki, Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan tədbirin həyata keçməsində məqsəd uşaqların və yeniyetmələrin futbol mühitində təhlükəsizliyini təmin etmək, zorakılıq və sui-istifadə hallarının qarşısını almaq, eləcə də etik davranış və inklüzivlik prinsiplərini təşviq etməkdir.

Seminara layihənin mentoru və layihə əsaslı öyrənmə üzrə ekspert Ofeliya Qafarova rəhbərlik edib. O, futbolçularla uşaq hüquqlarının qorunması, təhlükəsiz idman mühiti, komanda daxilində hörmət və məsuliyyətli davranış haqqında interaktiv formada söhbətlər aparıb. Tədbir praktiki və interaktiv üsullarla təşkil olunub. İştirakçılar situasiyalı tapşırıqlar, qrup müzakirələri, oyun əsaslı fəaliyyətlər və onlayn viktorina (quiz) vasitəsilə mövzunu daha dərindən öyrəniblər.


Xəbər xətti