Kaşkilya: "Haqqımda çox xəbərlər yazılıb, amma həmin məlumatlar səhvdir"

18:44 - 24 May 2026

"İstədiyimiz nəticəni qazanmışıq. Futbolçulara, texniki heyətə, klubda çalışan hər kəsə təşəkkür edirəm. Təbii ki, fanatlara da minnətdaram. Mövsüm ərzində uzun yollar qət edərək, bizə dəstək göstərirdilər. Azarkeşlər daim qəlbimdə qalacaq. Azərbaycanda olmaqdan məmnunam, həyatımda böyük təcrübə oldu. İstər şəxsi, istərsə də peşəkar biri kimi müsbət düşüncələrim var. “İmişli”yə uğurlar arzu edirəm. Biz bu gün gənc futbolçulara şans verdik. "Karvan-Yevlax"la matçın start heyətində 10 azərbaycanlı yer almışdı. Fikrimcə, nəticə də ədalətli oldu".

Sportal.az xəbər verir ki, bu sözləri "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya Misli Premyer Liqasının 33-cü turunun "Karvan-Yevlax"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını da cavablandırıb.

- "İmişli" ilə vidalaşdınız?

- Mən bu gecə Portuqaliyaya gedəcəm. Gələcək haqda isə heç nə deyə bilmərəm.

- Başqa komandalardan təklif almısız?

- Hazırda yoxdur. İndi hələ ki ailəmi düşünürəm.

- Maraqlıdır, Azərbaycanda çıxış edən hansı futbolçularla yenidən işləmək istəyərdiniz?

- Buna cavab vermək çətindir. Amma Azərbaycan çempionatında çıxış edən yerli oyunçuların keyfiyyəti yüksəkdir. Limitin ləğvi ilə çempionatın səviyyəsi də artıb. Yerli oyunçular legionerlərdən çox şey öyrənə bilər.

- Mövsüm ərzində Quba stadionunun meydançası ilə bağlı tənqidi fikirlər çox oldu...

- Mən meydança barədə danışmaq istəmirəm.

- "Sumqayıt" və "Kəpəz"lə adınız hallanır. Vəziyyət nə yerdədir?

- Heç bir təklif yoxdur. Mətbuatda haqqımda çox xəbərlər yazılıb. Lakin həmin məlumatlar səhvdir. Hətta bir xəbər də yayılmışdı ki, "İmişli" ilə qalmaq istəmirəm və guya şərtlər yaxşı olmayıb. Bu da doğru deyil.

Mirbağırağa

Xəbər xətti