Növbəti rəqib "Olimpiakos" olacaq FOTOREPORTAJ

11:59 - 15 İyul 2013

Düşərgədə baxışa dəvət olunmuş yeni futbolçular var
 
Dünəndən təlim-məşq toplanışının üçüncü mərhələsinə start verən "Simurq" bu gün hazırlığı iki məşqlə davam etdirib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Georgi Çixradzenin yetirmələri səhər hazırlığına fitness zalda başlayıb. İki qrupa bölünərək fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetirən futbolçular, daha sonra məskunlaşdığı "Kayzer" otelinin meydançasında məşqi davam etdirib. Burada gürcü mütəxəssis yetirmələrini fiziki testdən keçirib. Sonda isə "kvadrat" və qapıya zərbələrlə səhər məşqi tamamlanıb. 
 
Yeni mövsümə hazırlıq məqsədi ilə Avstriyada təlim məşqləri davam etdirən "Simurq", axşam saatlarında isə növbəti hazırlıq prosesinə çıxıb. Baş məşqçi Georgi Çixradzenin rəhbərliyi altında komanda məşqi saat yarım davam etdirib.
 
Məşqçilər korpusunun hazırlıq çərçivəsində tərtib etdiyi intensiv məşq qrafiki sabahda davam edəcək. İyulun 16-da isə "Simurq" Avstriya toplanışı çərçivəsində ilk yoldaşlıq görüşünə çıxacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi Zaqatala təmsilçisinin rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. 
 
Qeyd edək ki, "Simurq" transfer çalışmalarını da davam etdirməkdədir. Hazırda komandanın düşərgəsində baxış üçün dəvət edilmiş bir futbolçu var. Braziliyalı hücumçu Eudi Silva de Souzada Zaqatala təmsilçisinin Türkiyə toplanışının son həftəsində də iştirak edib. Məşqçilər korpusunun qərarı ilə yenidən dəvət olunan futbolçu barəsində son fikir "Olimpiakos"la oyundan sonra deyiləcək. Qarşıdakı günlərdə daha bir neçə futbolçu baxış üçün komandanın düşərgəsinə təşrif buyuracaq.  
 
 

Xəbər xətti