"Baş məşqçi olmağımda ən böyük dəstəkçim Joze Mourinyo oldu" MÜSAHİBƏ

13:53 - 15 İyul 2013

Roberto Karlos:  "Fənərbaxça"da oynadığım dövrdə Türkiyədən çox şey öyrəndim"
 
“Sivasspor”a yeni baş məşqçi təyin olunan Roberto Karlos Türkiyə mətbuatına maraqlı müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:  
 
- Hər kəsi “Sivasspor”un təklifini necə qəbul etməyiniz maraqlandırır. Bizə bu barədə məlumat verə bilərsiz?
- “Anji”də futbolçu karyeramı bitirdikdən sonra klubun baş məşqçisi Quus Hiddinqin köməkçisi oldum. Sonradan “Görəsən, mən də baş məşqçilik edə bilərəmmi?” düşünürkən “Sivasspor”dan təklif gəldi. Mən də tərəddüdsüz qəbul etdim. 
 
- Təklifi qəbul etməyinizdə Türkiyənin rolu oldumu?
- Türkiyə çox müasir mədəniyyətə sahib ölkədi. İnsanları da son dərəcə təhsillidi. “Fənərbaxça”da oynadığım dövrdə bu ölkədən çox şey öyrəndim. Türkiyə həm futbol, həm də həyat mənasında mənə çox şey öyrətdi. Ancaq bu ölkədə mənə ən çox təsir edən amil insanların futbola olan sevgisi oldu. Səmimi deyirəm, sizin ölkənizdəki futbola olan sevgi mənim ölkəmdəkindən qat-qat üstündü. 
 
- “Sivasspor”da hədəfiniz nədir?
- Bir futbolçu kimi çox nailiyyət qazanmışam. Bu uğurları baş məşqçi kimi də qazanmaq istəyirəm. “Sivasspor”da da bunu reallaşdıracağıma inanıram. Bu komandadan başqa 3 fərqli ölkə klublarından da təklif gəlmişdi. Amma onları rədd etdim. “Anji”də futbolçu, idman direktoru və köməkçi məşqçi oldum. Mənə görə bunlar uğurlu alındı. Artıq futbolda əldə etdiyim təcrübəni məşqçi kimi tətbiq etmək istəyirəm. 
 
- Nümunə aldığınız baş məşqçilər kimlərdi?
- Demək olar ki, hamısı- Vanderleu Lukşemburq, Visente Del Boske, Fabio Kapello, Quus Hiddinq və s. Amma baş məşqçi olmağımda ən böyük dəstəkçim Joze Mourinyo oldu. Hələ uzun müddət Hiddinqin köməkçisi olmaq fikrim var idi. Amma Mourinyo məni cəsarətləndirdi. O, mənə “Artıq baş məşqçi olmalısan, səndə bunu bacaracaq qabiliyyət var” – dedi. 
 
- “Sivasspor”dan təklif gələndə bu xəbəri Mourinyo ilə paylaşdınız?
- Əlbəttə, Mourinyo Türkiyəni çox sevir. Mənə “Mütləq get. Sən onsuz da o ölkəni tanıyırsan, orda da çox sevilirsən. “Sivasspor” baş məşqçiliyə başlamağın üçün doğru seçim olar. Təkliflərini qəbul et” – dedi. 
 
- “Fənərbaxça” oyun alveri iddiasıyla UEFA-nın Arbitraj məhkəməsindədi. Bu mövzu ilə əlaqədar nə deyə bilərsiz?
- İnsanlar pis vaxt keçirərkən bu barədə nəsə demək son dərəcə çətin məsələdi. “Fənərbaxça”ya ədalətsiz davranılmamasını və haqsız qərar almamasını arzulayıram. Orda prezidentindən tutmuş hər bir futbolçusuna qədər – hamısı çox sevdiyim dostlarımdı. Onlarla çox gözəl anlarım olub. Ümid edirəm ki, bu sıxıntıları geridə qoyacaqlar. 
 
- Sizcə, Türkiyədə ən yaxşı futbolçu kimdi?
- Sözsüz ki, Arda Turan. “Atletiko”da təcrübəsini daha da artırdı. Bundan başqa “Fənərbaxça”dan Volkan Dəmirəlin və Gökhan Gönülün də Türkiyədə ən yaxşı futbolçulardan olduğunu düşünürəm. “Fənərbaxça”lı Salih Uçan da gələcək vəd edən, istedadlı oyunçudu. 
 
- Son günlərdə Türkiyədə legioner limiti məsələsi gündəmi zəbt edib. Sizin fikriniz nədir?
- Mən limitin 7-8 olmasını düşünürəm. Avrokuboklarda mübarizə apararkən rəqiblə bərabər səviyyədə yarışmaq üçün legioner sayı azalmamalıdı. Avropa səviyyəli futbolçular yerli statusunda oynaya bilməlidi. Çünki azarkeşlər stadionlara ulduz futbolçuları izləmək üçün gəlir. Legioner sayı artsa belə, bu, yerli futbolçulara təsir etməz. Məsələn, “Sivasspor”un uşaq futbolçuları arasında milli komandada oynaya biləcək 4 oyunçum var. 
 
- İstanbuldakı həyatın ardından Sivas sizin üçün çətin olmayacaq ki?
- Sivas – İstanbul arası yalnız bir saatlıq yoldu. (Gülür). 
 
- Sivas şəhəri haqqında nə deyərsiz?
- Kiçik, şirin şəhərdi. İnanları xoşbəxt, istiqanlı və əməksevərdi. Müsəlmanlığı içdən yaşayan əhalisi var. 
 
- Bəs soyuq havası?
- Siz Rusiyanı görməmisiz. Sivas Rusiyanın yanında Braziliya kimi qalır. Belə bir soyuq hava ola bilməz. Temperatur mənfi 35-40 dərəcəyə düşürdü. Ona görə də Sivas soyuğu mənə təsir etməz. 
 
- Sivasın Kanqal cinsli itləri məşhurdu. Alacaqsız?
- Onların nə qədər ağıllı və sadiq olduqlarını eşitmişəm. Heyvanlar can yoldaşıdı, onları çox sevirəm. Alsanız, sevə-sevə baxaram.

Xəbər xətti