"Qarabağ"ın rəqibi Azərbaycana niyə gələ bilmir?

11:46 - 16 İyul 2013

"Pyast" Bakıya oyun günü gələ bilər
 
Avropa Liqasının II təsnifat mərhələsində Ağdamın “Qarabağ” klubu ilə üzləşəcək Polşa “Pyast”ının Azərbaycana gəlməsində problem yaranıb.
 
Sportal.az xəbər verir ki, Qlivitsa təmsilçisi iyulun 18-də baş tutmalı olan səfər oyunu öncəsi çətinliklə üzləşib.
 
Belə ki, rəqibimizi Bakıya gətirməli olan çarter reysi təxirə salınıb. Oyunun keçiriləcəyi yerə daha tez çatmaq istəyən “Pyast” yalnız bu gün ölkəmizə gələcəyinə ümid edir. Məsələ ondadır ki, komandanın üzvləri viza ala bilmir. Hətta problemin yubanması üzündən polşalıların yalnız oyun günü Bakıya gəlməsi də ehtimal olunur. 
Artıq bunun da səbəbi məlum olub. Qlivitsa təmsilçisi sənəd işlərinə cavabdeh əməkdaşının səhlənkarlığı üzündən əziyyət çəkir.
 
Belə ki, iyulun 18-də baş tutacaq matçda iştirak edən Bakıya gəlməli olan futbolçu, məşqçi və rəsmilərin viza almaq üçün lazım olan sənədləri həddən artıq gec yığılıb. Bu işə məsul klub rəsmisi yalnız iyulun 11-də sənədləri toplamağa başlayıb. Bunun isə gec olduğunu iddia edən polşalılar məhz bu əməkdaş üzündən problem yarandığını düşünür.
 
Qeyd edək ki, “Pyast”ın bu gün səhər tezdən çarter reysi ilə ölkəmizə səfəri nəzərdə tutulmuşdu. Lakin viza ala bilməyən polşalılar məsələni günün ikinci yarısında həll etmək arzusundadır. 

Xəbər xətti