"2:0-lıq məğlubiyyətlə "Xəzər Lənkəran" işini çətinə saldı"

16:09 - 19 İyul 2013

Aslan Kərimov: "Qarabağ" və "Neftçi"nin şansını "Xəzər Lənkəran, "İnter"ə nisbətən üstün sayıram"
 
“Rəqib komanda - “Skenderbeu”nun belə müqavimət göstərməsi bir anlıq təəccüb doğurdu. Şəxsən mən də gözləmirdim ki, belə oyun sərgiləyəcəklər".
 
Bu sözləri Sportal.az-a açıqlamasında U-16 milli komandamızın baş məşqçisi Aslan Kərimov deyib. Gənc məşqçi Çempionlar Liqasında mübarizə aparan "Neftçi"nin və Avroliqada ölkəmizi təmsil edən klublarımızın çıxışına ayrı-ayrılıqda münasibət bildirib:
 
"Oyuna taktiki və təcrübə baxımından baxanda onlar da düzgün qərar vermişdilər ki, “Neftçi” peşəkar komandadı, bilirdilər ki, komandanın tərkibində texnikalı, surətli futbolçular var. Çox sıx oynamağa çalşırdılar və buna da nail oldular. “Neftçi” tərəfdən isə mənə elə gəldi ki, komandada bir balaca ümid verən futbolçular o qədər də istənilən oyunu nümayiş etdirə bilmədilər. Flavinyo, Vobayı göstərə bilərəm ki, onlardan gözlədiyim oyunu görə bilmədim. Adətən hücumları ortadan qururdular, cinahlar isə boş qalırdı. Rəqib də təbii ki, cinahlar boş qaldığı halda ortada çox sıx oynayırdı və “Neftçi” rəqib qapısına yaxınlaşmaqda çətinlik çəkirdi. 
 
Mən düşünürəm ki, 0:0-lıq heç-heçəyə baxmayaraq, səfər oyunu ev oyunundan nisbətən daha asan olmalıdı. Çünki istər-istəməz püxtələşmiş bir komanadaya qarşı oynamaq lap çətindi. Amma “Skenderbeu” öz yerində oynadıqlarına görə azarkeş dəstəyi olacaq. Düşünmürəm ki, rəqib komanda müdafiədə oynayacaq. Ən azından hücum etmək də onlara lazım gələcək. Onda artıq “Neftçi” də öz imkanlarından və individual baxımdan futbolçular da öz texnikasından, surətindən istifadə edərək nəticəni əldə etmək daha rahat olar. Mənə elə gəlir ki, şansları dəyərləndirəsi olsaq, “Neftçi”nin üstünlüyü ilə qiymətləndirərdim. 
 
“Neftçi”nin yeni transferini - hollandiyalı futbolçunu bəyəndim. Hücumçu kimi taktiki baxımdan heç də pis təsir bağışlamadı, yaxşı təsir bağışladı. Amma hücumçuya vacib olan bir şey var, o da qol vurmaqdı. Hələ bunu onda görmürük. İlk oyunla hücumçunu qiymətləndirmək çox çətindi. Ola bilər ki, sonradan yaxşı oynasın. Amma taktiki və oyuna qatdığı əzmkarlığı baxımından, həqiqətən də, yaxşı hücumçudu. Yəqin ki, gələcək oyunlarda “Neftçi”yə xeyir verəcək. 
 
İlk növbədə bunu nəzərə almaq lazımdı ki, məşq prosesləri necə gedir. Bunu baş məşqçi və məşqçilər korpusundan başqa daha yaxşı heç kim bilə bilməz. Bu, mənim subyektiv fikrimdi. Əgər komandada iki yaxşı hücumçu vara və ikisi də əladısa, zədədən çıxmış bir futbolçu hələ ki, öz optimal səviyyəsinə gəlib çıxmayıb. İkinci bir tərəfdən yeni futbolçu alırsansa, ən azından hollandiyalı futbolçudursa, nəyə görə də birinci oyunlarda onu sınamayasan. O nöqteyi-nəzərdən baxanda düşünürəm ki, “Neftçi” səhv addım atmayıb. Nəzərə alaq ki, Kanalesin ilk oyunlarına baxanda şəxsən mən özüm də deyirdim ki, bu oyunçu çox ağırdı, nə qədər müddətə komandaya uyğunlaşacaq? Bu, mənim üçün sual altında idi. Amma oyunlar keçdikcə o, yaxşı hücumçu olduğunu sübut etdi. Hələ ki, nəsə barədə qərar vermək tezdi. 
 
“Qarabağ”ın rəqibi də həm oyun, həm də fiziki baxımdan çox güclü komanda idi. Onsuz da Polşa komandasından belə çıxış gözləyirdik. Amma həqiqətən də "Qarabağ" əzmkar qələbə qazandı. İlk hissədə “Qarabağ” o qədər də yaxşı təsir bağışlamadı. Çünki rəqib onları üstələyirdi. Üstəlik qol buraxdıqdan sonra futbolçularda bir az ruh düşkünlüyü yaranmışdı. Buna baxmayaraq özlərini toplaya bildilər. Heyətində Rəşad kimi futbolçu ola-ola Riçard da arxada oynayırdı. Ona görə də qabaqda hücum yaxşı getmirdi. Üstəlik də rəqib də bütün hücumların qarşısını ala bilirdi. Əks hücumda bir dənə qol da vurdular. Amma ikinci hissədə mənə elə gəlir ki, əvəzetmələr taktiki baxımdan oyunda çox şeyi dəyişdi. Arxada olan Riçard Almeyda dayaq yarımmüdafiəçi mövqeyində çıxış etdi və lazım olan yerdən qapıya zərbə vurdu. Hollandiyalı isə hücumçunun yanında çıxış etməyə başladı ki, bu da bilavasitə oyunun istiqamətini rəqib meydanına gətirib çıxardı. Bundan əlavə "Qarabağ" qol imkanlarına və ərazi üstünlüyünə malik oldu və layiqli qələbə qazandı. 
 
Cavab oyunu da çox çətin olacaq. Rəqib bir qol vurmalıdı və o bir qolu vurmaqdan ötrü böyük qüvvə ilə irəli atılacaq və hücuma meyilli futbol oynayacaq. “Qarabağ” da surətli futbolçulardan istifadə edib rəqib meydanında bir qol vursa, ümid edirəm ki, bu mərhələni keçəcək. 
 
“Xəzər Lənkəran”, sözün düzü, bir balaca məyus etdi. Düzdü, “Makkabi” də “Piast” kimi güclü rəqibdi. Biz hamımız “Makkabi”ni tanıyırıq. İstənilən halda İsrailin bu dəqiqə yüksəlməkdə olan klubları var. Oyunun özü də göstərir ki, texnikalı futbolçuları çoxdu. Komandada texnikaya üstünlük verən futbolçular var “Xəzər Lənkəran”a baxanda. Lənkəranlılar sıx müdafiə olunmadılar. Futbolçular arasında bir balaca dağınıqlıq var idi. Onlar da bundan istifadə edib iki qol vurdu. 2:0-lıq məğlubiyyətlə “Xəzər Lənkəran” işini çətinə saldı. Məncə, “Xəzər Lənkəran”ın şansı digər klublarımıza baxanda çox azdı. Hardasa komandanın 30 faiz şansı var. 
 
“İnter”in oyununa baxa bilmədim. Əvvəlcədən “Tromse”nin oyununu izləmişdim. Bundan əvvəl öz müsahibəmdə qeyd etmişdim ki, I mərhələdə “Tromse” öz meydanında 2:1 məğlub ola-ola 3:1 rəqibini üstələmişdi. Bu da onu göstərir ki, komanda hücuma meyilli futbol oynayır, istənilən yerdə. Norveç futbolçuları hava mübarizələrində də çox güclüdürlər. Oyuna baxmamışam, amma güman edirəm ki, məhz fiziki baxımdan komandamızı üstələyiblər. Həm “İnter”, həm də “Xəzər Lənkəran” işini çətinə saldı. Futboldu, uduzan komandanın da cavab oyununda şansı olur. Nəzəri baxımından hər bir komandanın şansı var. Amma onların qalib gəlməyi 30-70-di. Onlara nisbətən “Qarabağ” və “Neftçi”nin şansını üstün sayıram. 

Xəbər xətti