"Simurq" bu gecə qayıdır

18:49 - 27 İyul 2013

"Dünən daha iki futbolçu "sarı-qaralar"ın düşərgəsinə qoşulub"
 
2013/14-cü il mövsümünə hazırlıqların üçüncü mərhələsini Avstriyada keçirən "Simurq" klubu artıq məşqləri tamamlayıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünən iki məşqə çıxan komanda bu gün sonuncu yoldaşlıq görüşünü keçirəcəkdi.
 
"Sarı-qaralar"ın təlim-məşq planına əsasən "Simurq"un bugünkü rəqibi Türkiyənin "Kayserispor" kollektivi olmalı idi. Ancaq Superliqa təmsilçisi qarşılaşmanın bir gün tez keçirilməsini istədiyindən bu görüş baş tutmayıb.
 
Komanda bununla da, Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq gecə saatlarında yola çıxacaq. İyulun 28-i axşam saatlarında ölkəyə çatacaq komanda bir günlük istirahətdən sonra Bakı şəhərində yenidən bir araya gələcək və yeni mövsümün ilk turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarına başlayacaq. Zaqatala şəhər stadionunda yenidənqurma işləri tamamlanmadığından "Simurq" ilk oyununu doğma arenada keçirdə bilməyəcək. 
 
"Simurq" transfer çalışmalarını da davam etdirməkdədir. Dünən daha iki futbolçu "sarı-qaralar"ın düşərgəsinə qoşulub. Bunlar serbiyalı hücumçu Draqan Ceran və hollandiyalı Gerard Aafjesdir. Hazırda komandada bunlarla birlikdə baxışda altı futbolçu var. Onlar haqqında son qərarı isə məşqçilər korpusu verəcək.

Xəbər xətti