"Rəvan" "Simurq"la oyuna hazırdı

11:18 - 3 Avqust 2013

Komanda dünən Qəbələdə son məşqini etdi
 
Premyer Liqanın ilk turu çərçivəsində "Simurq” ilə üz-üzə gələcək "Rəvan” bu oyuna hazırlığı başa vurub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda dünən Qəbələdə axşam saatlarında son məşqini keçirib.
 
Uzun yol yorğunluğunu təxminən 3-4 saatlıq istirahətlə çıxardıqdan sonra Qəbələ şəhər mərkəzi stadionuna yollanan komanda 1 saata yaxın müddətdə məşq edib. Futbolçuların isinmə hərəkətləri ilə start götürən hazırlıqda toplu çalışmalara daha böyük diqqət ayrıldı. Ardından "kvadratlar”la dar sahədə topu özündə saxlamaq qabiliyyətini nümayiş etdirən futbolçular məşqin sonunda asmaların qapanması və qapıya zərbələr üzərində də işlədi.
 
Qeyd edək ki, "Simurq” ilə matçın Qəbələdə baş tutması Zaqatala şəhər stadionunda aparılan təmir işlərinin tam yekunlaşmaması ilə əlaqədardır. Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanın bu gün saat 18:30-da başlayacağını da qeyd edək.

Xəbər xətti