"Karyeramda özüm üçün yeni səhifə açdım" MÜSAHİBƏ

Rəşad Abdullayev: "Hamıya həmin Rəşadın ölmədiyini göstərəcəm"
 
"Rəvan"ın yeni transferi Rəşad Abdullayev klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- İlk öncə "Rəvan”a keçidindən danışan Rəşad Abdullayevin ilk sözləri belə oldu:
- "Bildiyiniz kimi, elə bu yay "Bakı”ya keçmişdim. Amma Avstriyaya toplanışından sonra baş məşqçi ilə hərtərəfli söhbətimiz oldu. Çox futbolçu transfer etdiyini dedi və "sənin kimi futbolçunu ehtiyatda saxlaya bilmərəm. Ya ehtiyatda qalıb şansını gözləməlisən, ya da başqa kluba keçməlisən” söylədi. Mən də ikincini seçdim. Elə oldu ki, "Rəvan”la söhbətimiz və razılaşmamız baş tutdu. "Rəvan”la danışıb, karyeramı burda davam etdirmək qərarına gəldim. Karyeramda özüm üçün yeni səhifə açdım. Çünki mən həmişə oynamış futbolçu olmuşam. "Rəvan” Bakını təmsil etdiyindən bura keçməyi üstün tutdum. Həm də baxdım ki, bu komandanın perspektivi var, onların şərtləri də məni qane etdi. Komandanın heyətinə baxmışam, yaxşı uşaqlar var. Perspektiv gördüm deyə bura gəldim”.
 
- Abdullayev mövsümün sonunda "Rəvan”da qalmaq variantına da toxundu:
- "Çempionat uzun olacaq. Çalışacağam ki, burada özümü yaxşı tərəfdən göstərim və hamıya həmin Rəşadın ölmədiyini göstərim. Hələ 31 yaşım var. Özümdə 35 yaşa qədər oynamağa güc hiss edirəm. Bütün təcrübəmi ortaya qoyacam. Mən çox komanda dəyişən futbolçu deyiləm. Mövsüm mənim üçün uğurlu olsa, nəyə görə də "Rəvan”da qalmayım?! Hər şeyi zaman göstərəcək. İşlərim yaxşı getsə, hər şey məni qane elesə, burda qalaram”.
 
- "27” nömrəmiz "Rəvan”ın iddiaları haqda da danışdı:
- "Rəvan” cari mövsüm ən yüksək yerlər uğrunda oynayacaq. Rəhbərliklə söhbətimiz zamanı da hər şeyin ciddi olduğunu hiss etdim. Məqsəd məncə, ilk "5-liy”ə düşməkdir. Amma bunun üçün startdan uğurlu başlamaq lazımdır. Lap elə "Simurq” ilə oyundan. Onlar keçən il sürpriz elədi, əsas iddiaçıların başı avrokuboklara qarışdığından zaqatalalılar hamını təəccübləndirdi. Sonradan da ilk "6-lığ”a düşdülər. Belə uğura Rəvan da imza ata bilər. Sadəcə, özünəinamı artırmaq və bir az soyuqqanlı olmaq lazımdır”.
 
- Sonda Rəşad elə ilk turdan oynamağa hazır olduğunu söylədi:
- "Bakı” ilə hazırlıqlarda iştirak etmişəm.Yaxşı forma yığmışam. Sadəcə, ola bilsin, "Rəvan”dakı futbolçularla hələ bir-birimizi tam başa düşmürük. Axı komandaya 2-3 gündür qoşulmuşam. Amma tədricən bu problem də həll olunacaq. Vaxt keçdikcə hər şey düzələcək inşallah. Qəbələyə qələbə dalınca gəlmişik. Hər iki tərəf üçün neytral meydandır. Amma məmin üçün tanış məkandır. Axı ötən mövsüm "Qəbələ”də oynamışam. Bəlkə də bunun özü bir işarədir. Məşqçi şans versə, çıxıb öz bacarığımı tam ortaya qoymağa çalışacam”.
Tarix: 3 Avqust [15:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Noyabr 2018
14  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio