Syominlə gələn ilklər

"Qəbələ" 19 matçdan sonra bir oyunda 3 qol vura bilib

 

"Qəbələ” tarixində 3-cü dəfə Premyer Liqaya ardıcıl 2 qələbə ilə başlayıb.

 

Sportal.az klub saytına istinadən xəbər verir ki, ilk turda “Bakı” ilə səfər oyununda 2:1 hesablı qələbə ilə sevinən Yuri Syominin yetirmələri növbəti oyunda da “İnter”i (3:2) məğlub edib. 

 

Mükafatlar uğrunda mübarizədə əsas rəqiblərindən ikisini xalsız qoyan komanda hər 2 qələbəsini əzmkarlıqla əldə edib. Belə ki, bu matçlarda hesabı rəqib futbolçuları açıb. 

İndiyədək “Qəbələ” daha 2 dəfə mövsümün ilk 2 oyununda xal itirməmişdi. Sonuncu belə hadisə 5 il əvvəl yaşanıb. 2007-2008 mövsümündə “Standard”ı 1, “Bakı”nı 2 cavabsız qolla keçən “qırmızı qaralar” növbəti çempionatda 2 böyükhesablı qələbə qazanmışdı. Həmin vaxt “Muğan” 4:1, MOİK 3:0 hesabı ilə məğlub edilmişdi. 

Syomin isə klub tarixində ilk baş məşqçidir ki, onun rəhbərliyi altında debütdəki 2 oyun 6 xalla başa çatır. “Qəbələ”nin tarixində heç bir çalışdırıcı bu postdakı ilk 2 oyununda ardıcıl qələbə görməmişdi. 

“İnter”lə matçda 3 qol vuran “Qəbələ” sonuncu dəfə 2012-ci ildə - ötən mövsümün XIV turunun “Rəvan”la səfərdə keçirilən oyununda 3 qol vurmuşdu – 3:1. Bundan sonra isə 19 matçda “qırmızı-qaralar” 2-dən artıq qol vura bilmirdi. Komandanın öz meydanında məhsuldarlıq göstərməsi isə ötən il avqustun 26-da qeydə alınıb. Həmin vaxt “Sumqayıt” 4:1 hesabı ilə məğlub edilmişdi. Bundan sonra 15 matç idi ki, azarkeşlər 2-dən artıq qolun sevincini yaşamırdı.
 

 

Tarix: 13 Avqust [23:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Dekabr 2017
16  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio