"4:0 olsaydı, daha yaxşı olardı"

23:56 - 14 Avqust 2013

Berti Foqts: "Mən mətbuata yox, futbolçunun özünə deyəcəm"
 
 
 Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Malta ilə yoxlama oyunu haqqında öz fikirlərini bildirib.
 
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib.
 
- Komandanı təbrik edirəm. Uşaqlar qələbə üçün vuruşdular. Yaxşı kombinasiyalar təşkil edirdilər. Fasilədə onlara bir qədər daha soyuqqanlı oynamalarını tapşırdım. Biz yaxşı başa düşürük ki, İsraillə seçmə mərhələ oyununda ən azı bir xal qazanmaq üçün bundan daha yaxşı oynamalıyıq.
 
- Maltalıların baş məşqçisi heyətdəki futbolçulardan yalnız ikisinin peşəkar olduğunu deyir, qalan hamısı həvəskarlardı...
- Mən Malta və İsrail yığmalarını müqayisə etmək fikrində deyiləm. Komandama daha çox çalışmaq lazımdı. Bütün oyun komponentlərini yaxşılaşdırmağımız lazımdı.
 
- Əfran İsmayılovun oyunundan razı qaldınız?
- O, bir neçə gün əvvəl ata olub. Bu üzdən onu başa düşmək olar. Lakin Əfran daha yaxşı oynaya bilər.
 
- Bu gün futbolçulardan hansı sizi müsbət mənada təəccübləndirdi?
- Bu və ya digər futbolçunun necə oynaması mənə maraqlı deyil. Mənə komanda şəklində yaxşı oynamağımız vacibdi. Bir neçə ildi Azərbaycandayam. Kimisə tənqid edəndə, mətbuat o dəqiqə sözlərimi təhrif edirdi.
 
- Müdafiədə hansısa çatışmazlıqlar gördünüz?
- Səhvlər var. Onları mütləq aradan qaldırmalıyıq. Daha çox məşq etməliyik. Bu komanda Türkiyəyə qalib gəlib. Maltalılar tam heyətlə oynamırdısa, biz də optimal heyətlə meydana çıxmamışdıq. Düzünü desəm, bəzi futbolçulardan narazıyam. Xüsusilə, müdafiədən hücuma keçəndə ləngimələr olur.
 
- Siz bu hesabla qələbə qazanacağınızı gözləyirdiniz?
- Mən hər oyunda qələbə qazanmaq istəyirik. Lakin təəssüf ki, buna tez-tez nail ola bilmirik. 3:0 yaxşı nəticədi. Amma 4:0 qazansaydıq, daha yaxşı olardı.
 
- Rüfət Dadaşovun çıxışını necə qiymətləndirirsiz?
- Hücumçunun əlinə imkan düşdü, vurmalıdı. Dadaşov asılı futbolçudu. Onu topla daha çox təmin etmək lazımdı.
 
- Yığmanın oyunu müəyyən qədər “Qarabağ”ın sərgilədiyi futbola bənzəməyə başlayıb. Təsadüfən bunu Qurban Qurbanovla məsləhətləşməmisiz?
- Qurbanovla danışıqlarımızın sirr olaraq qalmasını istəyirəm.
 
- Bu oyunda ən çox hansı oyunçunuzdan narazı qaldınız?
- Mənim narazı qaldığım oyunçular oldu. Ancaq mən bunu mətbuatda deyə bilmərən. Çünki mətbuat başqa cür yazır, mən tənqidlərimi futbolçunun özünə deyəcəm.

Xəbər xətti