Qurban Qurbanov: "Gəlin özümüzü aldatmayaq" VİDEO

02:15 - 23 Avqust 2013

"Bu gün aldığım məğlubiyyət mənim üçün daha üzücü oldu"
 
 
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilmiş ilk oyundan sonra fikirlərini açıqlayıb.
Sportal.az xəbər verir ki, o, 0:2 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
 
- Bu oyuna çox ciddi hazırlaşmağımıza, çox əmək sərf etməyimizə baxmayaraq, məğlub olduq. Azarkeşlərə təşəkkürümü bildirmək istəyirəm. Biz Bundesliqanı təmsil edən çox yaxşı komandaya qarşı oynadıq. Heyətində yüksək səviyyəli futbolçular yer alır. Bu oyun bizim üçün çox böyük təcrübə oldu. Biz bu oyunda ən azı uduzmayacağımıza inanırdıq. İlk dəqiqələrdən o qədər də diqqətli oynamadıq. Erkən qoldan heç kim sığortalanmayıb. Biz də buna hazır idik. Amma daha diqqətli oynamağımız lazım idi. Mən heç vaxt belə məyus olmamışdım. Əvvəllər də məğlubiyyətlərimiz olmuşdu. Amma bu gün aldığımız yenilgi mənim üçün daha üzücü oldu. Çünki Bakıya bu qədər azarkeş toplanmışdı, bizdən qələbə gözləyirdilər. Cavab oyununa gəlincə, qarşıda hələ çempionat matçımız var. Qarşıdakı matçlarda daha yaxşı oynamağa çalışmalıyıq. Səfər oyununda bundan da layiqli müqavimət göstəcəyimizə inanıram. Çünki daha sərbəst oynayacağıq.
 
- Əvvəlki avrokuboklar mövsümündə pley-offa yerli futbolçularla da çıxa bilirdiniz. Bu mövsüm legionerlərə üstünlük versəz də, yenə bu mərhələdə ilişdiniz. Elə bunu yerli futbolçularla bacarmaq olmazdı?
- İstər yerli, istərsə də legioner futbolçuların hamısı ürəkdən, sona kimi oynadı. Sadəcə, texniki səhvlərimiz çox oldu.
 
- Bəs sizin ən böyük səhviniz nə oldu?
- Səhvim olduğunu düşünmürəm. Hər şeyi səviyyə fərqi müəyyənləşdirdi. Çətin idi. Kim hazır idisə, start heyətdə meydana çıxmışdı, oyunun gedişində də komandanın gücünə güc qata biləcək futbolçuları buraxdım. Rəqibdən qorxmurduq. Heç indi də qorxmuruq. Bizim “Borussia” və ya “Tvente” kimi komandalarla oyun təcrübəmiz olmasaydı, bu gün 0:5, 0:10 hesabıyla uduza bilərdik.
 
- Sizə elə gəlmir ki, Leroy Corc psixoloji təzyiq altında oynayırdı. Bu futbolçu əvəzedilməzdi?
- Əvəzedilməz deyil. İkinci hissədə o da özünə gəldi, qol vəziyyətləri oldu. Düzdü, onun da texniki səhvləri oldu. Amma statistikaya nəzər yetirsək, məncə Corc oyunun ən yaxşılarından biri idi.
 
- Reynaldonun yoxluğu nə dərəcədə hiss olunurdu?
- Onun yoxluğunda komandanın oyun sürəti də aşağı düşmüşdü. Bu, hiss olunurdu. Bəlkə də başqa komanda ilə oyunda bu, bilinməzdi. Amma bu cür rəqiblə oyunda istənilən itki özünü göstərir. Amma Reynaldo olsaydı, fərqli nəsə ola bilərdi düşünmək də düz deyil.
 
- Qazon oyununuza təsir göstərmədi ki?
- Təbii ki, qazon yaxşı olsaydı, daha yaxşı oynaya bilərdik. Amma “Ayntraxt” da bu qazonda çıxış edirdi. Yəni şərtlər hər iki komanda üçün eyni idi.
 
- “Qarabağ”ı bu mərhələdə dayandıran komandalar bir qayda olaraq ölkəsinin çempionu olur. Sizcə, “Ayntraxt” bu ilə Bundesliqanı qazana bilər?
- Onlara uğurlar arzulayıram. Komandanın potensialı var. Amma çempion olmaq çox çətin başa gələr.
 
- Komandanızın hansısa şansı qalıb?
- Gəlin özümüzü aldatmayaq. Hansısa başqa rəqib olsaydı, müəyyən şansın qalmasından danışmaq olardı. Dediyim kimi, biz Frankfurtda sadəcə Bakıdakından daha yaxşı oynamaq haqda düşünə bilərik.
 
- Azərbaycan yığmasını çalışdıracağınız barədə xəbərlər düzdü?
- Xeyr. Mənim heç kimlə bu barədə söhbətim olmayıb. Mən “Qarabağ”dayam. Yığma barədə çox danışmaq istəmirəm. Bu, mənə də mane ola bilər. Hazırda yalnız klubum barədə düşünmək istəyirəm. Malta ilə oyunda AFFA prezidenti Rövnəq Abdullayevlə yanaşı oturmağım millidən danışmağımız anlamına gəlməmilidi. Biz, sadəcə çoxdan tanışıq və tam fərqli məsələləri müzakirə etdik.
 

Xəbər xətti