"Həmin epizodda qol vurmağı çox istəyirdim" MÜSAHİBƏ

13:41 - 23 Avqust 2013

Muarem Muarem: "Ancaq mən belə düşünərək, birbaşa zərbə vurdum"
 
“Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem Avropa Liqasının son təsnifat mərhələsində “Ayntraxt”a 0:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərinin suallarını cavablandırıb.
 
Sportal.az həmin müsahibəni təqdim edir:
 
- Öz meydanımızda qalib gəlmək istəyirdik. Meydançanın vəziyyəti yaxşı deyildi. Ancaq son nəticədə hər ikimiz eyni durumda idik. 
 
- Əslində, belə meydançaya almanlardan fərqli biz daha çox öyrəşdiyimizdən, üstünlüyümüz ola bilərdik...
- Bəli. Sadəcə, biz yerdən oynamağı daha çox sevirik, uzun ötürmələrlə oynamağa öyrəşməmişik. Məncə, indiyə qədər qazandığımız matçlarda belə qalib gəlmişik. Ancaq əhval-ruhiyyəmizi pozmuruq. Hər iki komanda eyni meydançada oynadı. Fikrimcə, yaxşı təsir bağışladıq. Bu, futboldur, sona kimi oynayacağıq. Təbii ki, səfərdə 2:0 hesabı ilə qalib gəlmək rəqib üçün böyük üstünlükdür. 
 
- “Qarabağ”ın səfərdəki cavab matçında 3 qol vurmağı nə dərəcədə realdır?
- Hər şey Allahın əlindədir. Ümidlərimizi itirmirik. Hələ cavab matçı haqda danışmamağımız lazımdır. Çünki çempionatda “Qəbələ” ilə qarşıda matçımız var. Həmin səfərə nəticə dalınca gedəcəyik.
 
- Hesabda 0:1 olanda, yüz faizli qol imkanını qaçırdınız...
- Həmin epizodda qol vurmağı çox istəyirdim. Ancaq başla zərbəm zəif alındı. Bəlkə də gözləməli, topu çəkib, qapıya zərbə vurmalı idim. Ancaq olan oldu. Başqa imkanlarımız da vardı, bəlkə qola çevirə bilərdik. 
 
- Bu epizodda təcrübə yetmədi, yoxsa həyəcanlıydınız?
- Bəlkə də mənim yerimə başqa futbolçu olsaydı, birbaşa yox, topu saxlayıb qapıya zərbə vurardı. Ancaq mən belə düşünərək, birbaşa zərbə vurdum. Nə bilim, sağlıq olsun. Almanların bir neçə qol imkanı vardı. Bunun 2-dən yararlanıb, qol vurdular. 
 
- Oyundan sonra həmin epizoda görə sizə bir şey deyildi?
- Yox. Növbəti matçımızı düşünəcəyik. Bu, əvvəl çempionatda, daha sonra Frankfurtdakı cavab matçımızdır. Rəqib meydanında qalib gələndə, hər zaman böyük üstünlük qazanırsan. Ancaq Allah böyükdür. Cavab oyunumuza hələ vaxt var.
 
- Azərbaycan və Almaniya klubu arasında səviyyə fərqi çoxmu böyükdür?
- Fikrimcə, böyük fərq yoxdur. Məncə, Azərbaycanda 3-4 komanda var ki, böyük klublarla oynaya bilər. 

Xəbər xətti