Autsayderlərin dueli

17:24 - 23 Avqust 2013

Bu oyun komandalar üçün sayca 5-ci olacaq
 
Premyer Liqanın 4-cü turunda “İnter” səfərdə “Rəvan”la qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər veir ki, bu qarşılaşma komandalar üçün sayca 5-ci olacaq. İndiyədək komandalar 4 dəfə üz-üzə gəlib. Hər 4 oyun da "İnter"in qələbəsi ilə başa çatıb.
 
Bütün oyunlar milli çempionat çərçivəsində keçirilib. Bu qarşılaşmalarda “İnter” “Rəvan”ın qapısından 7 top keçirib, rəqib isə 1 qolla fərqlənib. Maraqlıdır ki, son 3 matçda “Rəvan”ın futbolçuları rəqib qapısına yol tapa bilməyiblər. Rəqibin “İnter”in qapısından keçirdiyi son qol 2011-ci ilin oktyabr ayına təsadüf edir.
 
“Rəvan”a qarşı səfər oyunlarında “İnter” tam üstünlüyə malikdir: 2 oyunda 2 qələbə, toplar arasında fərq 4-1-dir. 2011-2012-ci il mövsümündəki matçda komanda rəqibə meydanında 2:1 hesabıyla qalib gəlib, ötən mövsüm isə “İnter” bu komandanı 2:0 hesabıyla məğlub edib.
 
“Rəvan” və “İnter” arasında keçirilən 4 matçın son 2 qarşılaşmasında qeydə alınan ən populyar hesab 2:0 olub. Maraqlıdır ki, bu matçların ən yaxşı bombardiri də Baçana Tsxadadzedir və forvardın aktivində 2 qol var. Bu matça əlavə maraq qatan detal odur ki, hazırda “Rəvan”ın heyətində “İnter”də oynamış futbolçular - Tofiq Mikayılov, Şəhriyar Rəhimov və Elnur Abdulov çıxış edirlər.
 
Qeyd edək ki, cari mövsümün startı hər iki komanda üçün uğurlu alınmayıb. Belə ki, “İnter” və  “Rəvan” indiyədək bir xal toplaya bilməyən yeganə iki komandadır.  “Rəvan” - “İnter” qarşılaşması avqustun 25-də Bayıl stadionunda baş tutacaq. Oyun saat 20.00-da başlayacaq, oyunun baş hakimi Elvin Əsgərov olacaq. 

Xəbər xətti