"Xəzər Lənkəran" növbəti transferini rəsmiləşdirdi FOTO

23:42 - 26 Avqust 2013

Eduard Qrasiya iki il "Xəzər Lənkəran"da
 
 
"Xəzər Lənkəran"  daha bir futbolçunun transferini rəsmiləşdirdi.
 
Sportal.az xəbər verir ki, ispan futbolçu Eduard Oriol Qrasiya bu gündən cənub təmsilçisinin şərəfini qoruyacaq.
 
26 yaşlı yarımmüdafiəçi karyerasına Kataloniya klubu olan "Pobla Mafumet"də başlayıb. Ardından Oriol bu bölgənin digər komandası "Sant Andreu"da bir mövsüm ərzində çıxış edib. Həmin mövsümü olduqca uğurlu keçirən futbolçu "Barselona"nın diqqətini cəlb edib. 2009-2011-ci illərdə "Barselona B"-də oynayan Edu bu komandanın "Sequnda"ya vəsiqə qazanmasında əsas rol oynayanlardan biri olub. Bir neçə dəfə "Barselonanın" əsas komandasının heyətinə də cəlb olunan oyunçu, ümumilikdə İspaniyanın ikinci divizionu olan "Sequnda"da 60 çempionat oyununda 9 dəfə fərqlənib. 
 
2011-ci ildə isə sol cinah yarımmüdafiəçisi olan Oriol "La Liqa"da çıxış edən "Real Saraqosa"-nın heyətinə keçib. Araqon klubunun tərkibində bütün turnirlərdə 45 oyun keçirən futbolçu bu gündən etibarən "Xəzər Lənkəran"ın uğurları üçün çalışacaq.
 
Edu Oriol "Xəzər Lənkəran"la iki illik müqavilə imzalayıb.

Xəbər xətti