Rəşad Sadiqov: "Neftçi" daha da böyük zəfərlər qazanacaq"

19:10 - 30 Avqust 2013

"Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın"
 
Bu gün Azərbaycan futbolu üçün tarixi gündü. Sportal.az xəbər verir ki, “Neftçi” klubunun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından düz 1 il ötür.
 
Flaqman məhz ötən il avqustun 30-da Kiprin APOEL klubunu səfərdə 3:1 hesabı ilə məğlub etməklə tarixində ilk dəfə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazanmışdı. Komandanın kapitanı Rəşad Sadiqov bununla bağlı fikirlərini klubun rəsmi saytına bildirib:
 
“Bu gün bizim üçün çox xoş gündü. Azərbaycan futbolu tarixində ilk dəfə olaraq avrokuboklarda qrup mərhələsinə yüksələn bir komandanın kapitanı kimi qürur hissi keçirirəm. Çox istərdik ki, “Qarabağ”, nəhayət, üçüncü cəhddə bu uğuru təkrarlasın, amma çox təəssüf ki, alınmadı. Buna baxmayaraq, bu il “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil etdi. Hər bir klubumuza bu nailiyyətə imza atmağı arzulayıram. Azarkeşlərimizə səslənirəm, onlar əmin olsunlar ki, gələcəkdə “Neftçi” nəinki bu tarixi uğuru təkrarlayacaq, hətta daha da böyük zəfərlər qazanacaq”.

Xəbər xətti