"Zidanı Madriddə görəndə o qədər həyəcanlandım ki..." MÜSAHİBƏ

16:44 - 1 Sentyabr 2013

Məsut Özil: "O, nə etsəydi, səhər təkrarlamağa çalışırdım"
 
“Real”ın türk əsilli alman futbolçusu Məsut Özil Türkiyənin yerli qəzetlərindən birinə müsahibə verib. 
 
Sportal.az xəbər verir ki, ulduz oyunçu müsabibəsində bir çox məqamlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:
 
- “Mançester Yunayted”in sizi almaq üçün 50 milyon avronu gözdən çıxardığı deyilir. Həmçinin “Arsenal” da sizi heyətində görmək istəyir. Çünki “Real”da xoşbəxt olmadığınız iddia edilir. Bu xəbərlər nə dərəcədə realdı?
- Demək olar ki, bütün həftə bu haqda yazılıb və danışılıb. Amma belə bir şey yoxdu. Nə “Arsenal”a, nə də “Mançester Yunayted”ə transfer oluram. 2016-cı ilə qədər “Real”la müqaviləm var. Burda olmaqdan çox xoşbəxtəm. Dünyanın ən yaxşı komandasında və ən yaxşı futbolçuların oynadığı klubdayan. Hər oyunçu “Real”da oynamaq istəyər. Daha nə olsun, niyə gedim ki? Madriddə həyat çox gözəldi – havası gözəldi, günəşlidi. Yaşamaq üçün əla şəhərdi.  
 
- İllik gəliriniz təxminən 10 milyon avroya çatır. Bunu necə dəyərləndirirsiz? Gözəl həyat dediyiniz şey Madriddə necə keçir? 
- Həyatım düşündüyünüz kimi deyil. Burda çox vaxt keçirə bilmirəm. Komanda ilə çox uçduğum üçün bura gələndə evdə qalmağa üstünlük verirəm. Ev adamıyam. İdmançıyam, fiziki cəhətdən həmişə yaxşı olmalıyam. Gecə gəzməyə çıxmağa vaxtım olmur. Gecə həyatını (böyük qardaşı və qohumunu misal göstərir) onlardan soruşmaq lazımdır. Hər halda gözəl olar. 
 
- Bəs evdə olanda nə işlə məşğul olursuz? Yəqin ki, “playstation” oynayırsız.
- Yox. Artıq “playstation” üçün qocalmışam. Əvvəllər oynayırdım. İndi isə bilyard oynamağı sevirəm. Arada bir kinoya da getmək istəyirəm. Amma filmlər ispan dilində olduğundan tam başa düşə bilmirəm. Daha çox Düsseldorfda kinoya gedirəm. 
 
- Hətta avtobusun içində olanda da azarkeşlər sizi rahat buraxmır. Kinoya da rahat gedə bilmirsiz deyə təxmin edirəm.
- Təbii. Səhər seanslarına getmək o qədər də mümkün olmur. Daha çox axşam saatlarında gedirəm. 
 
- Komandada ən çox kimlərlə yaxınsız. Kriştianu Ronaldo ilə yaxın dost olduğunuz, hətta sevgilisi İrina Şeyklə də bir yerdə vaxt keçirdiyiniz deyilir. Ronaldo dost kimi necə biridi?
- Ronaldo ilə də dostuq. Ümumiyyətlə komanda yoldaşlarımla münasibətim yaxşıdı. Davamlı bir yerdə olduğumuz üçün istər-istəməz dost olursan. Bundan başqa bir-birimizlə görüşmədiyimiz vaxtlarda da ünsiyyət qururuq. Bir-birimizə mesaj yazırıq, “Facebook”da yazışırıq. Amma bir yerdə gəzmirik. Madridə gəldiyimiz zaman çoxumuz evdə istirahət etməyə üstünlük veririk. Onsuz da ordan-ora getməkdən yorğun oluruq. Həm mənim öz çevrəmə görə də dostlarım var. Mən ailə adamıyam. Mənim üçün rahatlıq ailəmdi, ailə və ailə qədər yaxın gördüyüm dostlarımdı. Onların dəstəyini hiss etmək çox önəmlidi. Ona görə də onlardan çox uzaq qalmıram. Ailəm tez-tez məni ziyarət edir. Ya Madridə gəlirlər, ya da mən Düsseldorfa gedirəm. Təbii ki, Türkiyəyə də gəlib-gedirəm. Demək olar ki, ömrümün yarısı meydanlarda, yarısı havada keçir. Həmişə yollardayam. 
 
- Kökünüzə bağlı insansız. Zonquldaqdakı kəndinizə tez-tez gedirsiz. Amma ən son gəldiyinizdə zurna ilə qarşılanmağınızdan xoşunuz gəlməmişdi.
- (Gülür). Bəzən elə şeylər də olur. O hadisənin üstündən xeyli vaxt keçib. Kəndə yenə gedərəm, niyə getməyim ki? Orda əmim və ailəsi yaşayır. O kəndi çox sevirəm. Amma vaxt az olduğundan tez-tez gedə bilmirəm. Bəzən qışda 2-3 gün vaxtım olanda gəlirəm. 
 
- Kənd həyatınız necə keçir?
- Bir-birimizi uzun müddət görmədiyimiz, aradan illər keçdiyi üçün oturub söhbət edirik. İndiyə qədər nə etdiyimiz haqqında danışırq. Bir də gözəl yeməklər yeyirik. Bir süfrələr qurulur ki, gəl, görəsən. 
 
- Bəs İstanbul?
- İstanbulda nə edilməz ki? Çempionata görə bura qışda gəlirəm. Çox bəyəndiyim şəhərlərdən biridi. Burda da çox dostum var. Gəzirik, yemək yeyirik. Türk yeməklərini çox sevirəm. Kababları, dönəri əladı. 
 
- “Real”ın sabiq çalışdırıcısı Joze Mourinyo sizi çox bəyənirdi. Yeni baş məşqçi Karlo Ançelotti ilə münasibətləriniz necədi?
- Hər şeydən önəmlisi yeni baş məşqçi mənə güvənir və inanır. Aramızda heç bir problem yoxdu. Getdikcə bir-birimizə daha da uyğunlaşırıq. Hamı ilə yaxşı münasibətim var. Son iki oyunumuzu gördünüz. Getdikcə daha da yaxşı çıxış edəcəyik. 
 
- Ən çox bəyəndiyiniz futbolçu kimdi?
- Mənim üçün Zinəddin Zidan təkdir. Onu Madriddə görəndə o qədər həyəcanlandım ki, az qala ürəyim getmişdi. O, mənim idealımdı. Uşaq vaxtlarımdan onun hərəkətlərini təqlid edə-edə futbolu öyrənmişəm. Nə etsəydi, səhər təkrarlamağa çalışırdım. Tanıdıqdan sonra nə qədər yaxşı insan olduğunu da gördüm və gözümdə yeri daha da böyüdü. Onsuz da futbolçu kimi əfsanədi. Məşqçi kimi də əladı. Amma hər şeydən əvvəl əla insandı. 
 
- Bildiyimizə görə, mətbuat qarşısında danışmaqdan, şəkil çəkdirməkdən xoşunuz gəlmir. Bəs “Santiaqo Bernabeu”da 85 min insanın qarşısında çıxış etmək necə hissdi?
- Meydançada evimin zalında olduğum qədər rahatam. Heç bir stress, gərginlik keçirmirəm. Meydanda olmaqdan böyük həzz alıram. 
 
- Alman müğənni Mandi Kapristo ilə birlikdəsiz. Nyu-Yorka getdiyinizdə üzük aldığınız və nişanlandığınız deyilir. Bu xəbərlər doğrudu? 
- Əlbəttə, doğru deyil. Hələ belə bir şey fikirləşmirəm. Sevgilimlə xoşbəxtəm, amma evlənməyi düşünmürəm. Çünki 24 yaşım var. 
 
- Uşaq vaxtı Almaniyada bir meydançanın futbolçu kimi yetişməyinizdə çox böyük rolu olduğu deyilir...
- Bəli, o meydançada qorxmamağı öyrəndim. Çünki özümdən 4-5 yaş böyüklərlə futbol oynayırdım. Onların yanında çox balaca görünürdüm. İkili oyunlar daha sərt keçirdi. Orda məndən böyük rəqiblərin öhdəsindən necə gəlməyi öyrəndim. Gənclərdən ibarət millidə oynayanda komanda yoldaşlarım daha böyük rəqib qarşısına çıxanda qorxurdu. Mən isə qorxmurdum. Çünki öyrəşmişdim. 
 
- Dünyanın ən güclü oyun qurucularındansız. Gələcək planlarınız necədi?
- Gələcəyi heç düşünmürəm. Futbol həyatım uğurlu, gücüm yerində olsun, sağlam olum, başqa heç nə istəmirəm. Qarşımda uzun illər var. Yaşayıb görəcəyik. 
 
- Almaniya milli komandasında çıxışınızla parladınız. Hətta Angela Merkel gəlib sizi şəxsən təbrik etdi. Bunun “Verder”dən “Real” keçməyinizdə böyük pay sahibi olduğu deyilir. Türkiyə yerinə Almaniya millisini karyeranız üçün seçdiniz?
- Xeyr. Mən Almaniyada doğulmuşam, orda təhsil almışam, bütün həyatımı orda keçirmişəm, futbola orda başladım, orda gənclərdən ibarət millidə oynadım. O komandada da davam edəcəkdim. Mənim üçün başqa bir milli ola bilməzdi. 
 
- 2010-cu ildə Türkiyə - Almaniya oyununda türk azarkeşlər tərəfindən narazılıqla qarşılandınız. Bu qərarı verərkən Türkiyədən gələcək tənqidləri düşünmədiniz?
- Belə deyim də insanlar iki hissəyə ayrılır. Bəziləri niyə Almaniya millisini seçdiyimi başa düşmür, bəziləri isə anlayır. Amma bütün bunlara elə də əhəmiyyət vermədim. Məqsədim futbol oynamaqdı. Uşaq yaşlarından bildiyim tək şey budu. Almaniyada da türklər məni görəndə qucaqlayır, İstanbulda da. Belə çıxır ki, məni sevməyən yoxdu. Buna görə də çox sevinirəm. Burdan da fürsətdən istifadə edib Türkiyədəki böyüklərimin əllərindən öpürəm, tanıdıqlarıma da salam deyirəm. 
 
Hazırladı: Raifə İBRAHİMOVA

Xəbər xətti