İspaniya La Liqasında yeni Messi rekordu

17:40 - 2 Sentyabr 2013

Ulduz futbolçu uğurlarını sıralayır
 
İspaniya çempionatının III turu çərçivəsində “Valensiya” ilə səfərdə keçirilən oyun “Barselona”nın lideri Lionel Messi üçün əlamətdar olub. 
 
Sportal.az xəbər verir ki, bu oyunda het-trik edən ulduz futbolçu komandasına qələbə qazandırmaqla yanaşı, yeni rekorda da imza atıb. Belə ki, Messi “Valensiya” ilə oyunda 3 dəfə fərqlənərək səfərdə vurduğu qolların sayını 100-ə çatdırıb. Bu isə La Liqa tarixində yeni göstəricidi. İndiyə qədər bu uğura meksikalı hücumçu Uqo Sançes nail olub. Vaxtilə “Real” və “Atletiko”da çıxış edən əfsanəvi futbolçunun aktivində 99 qol var. Messi bu dəfə onun uğurunu kölgədə qoyub. 
 
Bu, ulduz futbolçunun karyerasında 23-cü het-triki olub. İspan mətbuatı yazır ki, argentinalı 17 dəfə İspaniya çempionatında, 3 dəfə Çempionlar Liqasında, 2 dəfə İspaniya kubokunda, bir dəfə isə ölkə superkubokunda fərqlənib. 
 
Messi İspaniya çempionatı tarixinin ən yaxşı bombardiri də ola bilər. Hələ ki, bu rekord aktivində 251 qol olan Telmo Zareyə məxsusdu. “Barselona”lı oyunçu isə 220 dəfə rəqib qapılarına yol tapıb və onun yenə də qollarını sıralayacağı heç kimdə şübhə doğurmur. 

Xəbər xətti