"Xəzər Lənkəran"ın yeni ispanı: "Komandamız çətin vəziyyətdədi" MÜSAHİBƏ

13:10 - 3 Sentyabr 2013

Edu Orial Qrasiya: "Debütüm bir az şirinli-acılı oldu"
 
"Xəzər Lənkəran"ın yeni transferi olan ispaniyalı Edu Orial Qrasiya Sportal.az-a müsahibə verib. İspan futbolçu müsahibəsində Azərbaycana gəlişindən, "Qəbələ" ilə debüt oyunundan, komandasının hazırkı vəziyyətindən danışıb.  
 
- İlk öncə Azərbaycana gəlişiniz necə alındı?
- Artıq "Saraqosa" ilə münasibətlərimizə son vermişdik. Bu zaman menecerlər ortaya çıxdı və təklif etdilər ki, Azərbaycanda oynamaq imkanım var. Təklif olundu, sonra baş məşqçinin bütün dünyada tanınan Con Toşak olduğunu bildirdilər. Üstəlik komandada çalışan Aleksis Plaza ilə söhbətimdə bildirdi ki, komandanın iddialı layihələri var. Hansı planları var, bir az mənə bu haqda, komanda barəsində danışdı. Mən də Azərbaycana – “Xəzər Lənkəran”a gəlməyə qərar verdim. 
 
- Transferiniz gündəmdə idi. Amma bu məsələ çox yubandı. Buna səbəb nə idi? 
- Ölkəmdən birinci dəfə qırağa çıxacaqdım və ilk dəfə legioner həyatı yaşayacaqdım. Ona görə də çox götür-qoy etməliydim. Həmişə ailəmin yanında olmuşam və ölkəmdə futbol oynamışam. 
 
- “Xəzər Lənkəran”a gəlməmişdən əvvəl komandanın nəticələri, tutduğu yer, son mövsümdə çıxışı haqqında məlumatınız var idi?
- Bu komandanın mənə maraq göstərməsindən sonra onların nəticəsi ilə maraqlanırdım. Həmçinin klubdakı digər ispaniyalı – Alvaro Silva ilə əlaqə saxlayırdım. O, komandanın vəziyyəti haqqında mütamadi olaraq mənə məlumat verirdi. Burdakı oyunçuların səviyyəli olduğunu bildirdi və dedi ki, əvvəl-axır bu çətin vəziyyətdən çıxacağımıza əminəm. Ona inanaraq gəldim. 
 
- Lənkərana gəldiniz, klub bazasını gördünüz. Ümumiyyətlə Lənkəran şəhəri və komanda üçün yaradılan şərait haqqında nə düşünürsüz?
- Gəldiyim ölkə ilə müqayisədə tam fərqli bir mühitdi. Amma mən bura futbol oynamağa gəlmişəm. Bunlar o qədər də önəmli deyil. Futbol oynayaraq bizə dəstək olan azarkeşləri sevindirməliyik. Digərləri isə ikinci planda olan şeylərdi. Bizim işimiz futbol oynamaqdı, bura da yalnız futbol oynamağa gəlmişəm. 
 
- “Qəbələ” ilə oyunda meydana çıxdınız. Amma belə tez meydana çıxacağınızı heç kim gözləmirdi. Azərbaycanın bir  komandası kimi “Qəbələ” haqqında nə fikirləşirsiz? 
- Təəssüf ki, debütüm o qədər də istədiyim kimi alınmadı. Bir az şirinli-acılı oldu. Çünki komandada debüt etdim, bu, mənim üçün yaxşı bir şey olsa da, nəticənin uğursuz alınması məni məyus etdi. Amma buna baxmayaraq ümumi komandanı götürəndə “Qəbələ” ilə oyundan sonra düşündüm ki, Azərbaycan klubları arasında rəqabətə davamlı çempionat gedir. Bizim komandamız indi çətin vəziyyətdədi. Amma mən əminəm ki, bu çətin vəziyyətdən çıxacağıq. 
 
- Sizcə, “Xəzər Lənkəran” “Qəbələ”yə nədə uduzdu?
- Həmin oyunun “qırılma nöqtəsi” Nildonun əlverişli vəziyyətdən yaralana bilməməsi oldu. Ondan sonra qapımızda qol gördük. Həmin anda qol vursaydıq, tamam fərqli oyun olardı. Həmin andan istifadə edə bilmədik, onlar bizə qol vurdu. İkinci hissə hücumlar şəraitində keçdi. Həm onlar, həm də biz hücum edirdik. Bunun nəticəsində onlar qol vəziyyətlərindən istifadə etdilər, biz isə yox. Komanda haqqında artıq kifayət qədər məlumat veriblər. Komandalarına necə dəstək verən çılğın azarkeşləri olduğu haqqında məlumatım var. Düzdü, komandada vəziyyət bir az gərgindi. Çempionat hələ təzə başlayıb. Qarşıda kifayət qədər oyunlar var. Dəfələrlə şahidi olmuşuq ki, çempionata fərqli başlayan komanda sonradan gəlib mükafatçılar sırasına düşüb və ya çempion olub. Sadəcə bir qələbəyə ehtiyac var ki, bizdə vəziyyət dəyişsin və ardıcıl qələbələr gəlsin. 
 
- İspaniyada bütün stadionlar gözəlliyi və möhtəşəmliyi ilə seçilir. “Qəbələ”nin arenasını görəndə Azərbaycan stadionları haqqında sizdə nə təsəvvür yarandı?
- İspaniyada daha böyük, müasir, azarkeşlərlə dolu stadionlarda oyun oynamağa öyrəşmişəm. Təbii ki, İspaniya futbol ölkəsidi. Amma unutmayaq ki, Azərbaycan da gənc ölkədi, inkişafda olan məmləkətdi. Bilirəm ki, burda yeni-yeni stadionlar tikilməkdədi. Eyni zamanda “Qəbələ”nin bazası, orda olan şərait məni yaxşı mənada heyran etdi. Çünki ot örtüyü möhtəşəm idi. Onu da deyim ki, İspaniyada hər komandanın belə şəraiti yoxdu. 
 
- Azərbaycanda “Neftçi”, “Qarabağ”, “Bakı” kimi iddialı komandalar var. Onların oyunlarına baxmısız? Məsələn, “Qarabağ” – AZAL oyunu oldu. Həmin görüşü izlədiz?
- Turnir cədvəlinə baxmışam. Orda komandamızın vəziyyəti heç də ürəkaçan deyil. Həmin vəziyyəti görmək istəməzdim. Ortabab komanda olan AZAL Avroliqanın “play-off” mərhələsində oynayan “Qarabağ”ı udub birinci yerə çıxırsa, bu onu göstərir ki, çempionatda istənilən komanda digərinə qalib gəlməyə qadirdi. Bu da biz az adamda nikbinlik doğurur ki, istənilən komandanı məğlub etmək olar. Ona görə də bir qələbə qazanmaq lazımdır ki, ardı gəlsin. 
 
- “Neftçi”nin çempionatda “Xəzər Lənkəran”la prinsipial rəqib olduğunu bilirsiz?
- Təbii ki, xəbərim var. Kubokun finalında yaşananlardan, komandalar arasında rəqabətdən, hər şeydən xəbərim var. Aleksis Plaza bu haqda mənə məlumat verib. 
 
- ”Xəzər Lənkəran”azarkeşləri yeni gələn futbolçularla – Etami, Sakkoni, Qrasiyadan qol gözləyir. Söz verirsiz ki, növbəti oyunda qol vuracaqsız?
- Futbol ölkəsi olan İspaniyadan gəlmişəm. Təcrübəmlə, meydanda əzmkar mübarizəmlə komandanın qələbəsi üçün əlimdən gələni edəcəm ki, mümkün qədər uğurlar qazanaq. Mənim işim əlimdən gələni komanda üçün meydanda etməkdi.  
 
Elsevər MƏMMƏDOV
 
Müsahibə almaqda kömək etdiyinə görə "Xəzər Lənkəran" klubun tərcüməçisi Elvar Quliyevə təşəkkür edirik.

Xəbər xətti