"Rəvan"ın əsas komandası əvəzedicələri məğlub etdi

13:35 - 5 Sentyabr 2013

Əvəzedicilər qapısında 4 qol gördü
 
"Rəvan” həftənin əvvəlindən məşqləri bərpa edib.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt” ilə Premyer Liqanın son tur oyunundan sonra 2 gün istirahət edən futbolçular artıq gücləndirilmiş rejimlə məşq edir. Belə ki, qrafikə əsasən baş məşqçi Vladislav Qədirov yetirmələrini gündə 2 məşqə çıxarır.
 
Bugünkü səhər məşqi isə oyunla əvəzləndi. Belə ki, əsas komanda əvəzedicələrlə üz-üzə gəldi. Qədirov yüngül zədəsi olan Aqil Nəbiyev, və Elvin Həsənəliyev, eləcə də zədəsini sağaltdıqdan sonra fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareadan başqa bütün futbolçuların oynamasına şərait yaratdı. Hər hissədə müxtəlif heyətlərlə çıxış edən əsas komanda sonda əvəzediciləri 4:0 hesabı ilə üstələdi. Qolları ilk yarıda Musa Kabiru (2 dəfə) və Sebastyan Kastro-Telyo, fasilədən sonra isə Kamil Nurəhmədov vurdu.
 
Qeyd edək ki, komanda növbəti oyununu sentyabrın 7-də I divizion təmsilçisi "Şahdağ”a qarşı keçirəcək. Saat 18:00-da başlayacaq yoldaşlıq oyunu "Bayıl Arena”da baş tutacaq.  

Xəbər xətti