"İnanmıram ki, İsrail zəif Azərbaycan qarşısında məğlub olsun"

13:34 - 6 Sentyabr 2013

Şahin Diniyev: "Millimiz sabah çox əziyyət çəkməli olacaq"
 
Milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin Sportal.az-a müsahibəsi
 
- Sabah İsrail yığması Azərbaycan millisini qəbul edəcək. Bu oyunla bağlı fikirləriniz nədən ibarətdir?
- İsrailin sonuncu şanslarından biridir. Evdə xal itirsələr, demək olar ki, DÇ-2014-ə getmək şansları sıfıra enəcək. Buna görə də mən inanmıram ki, İsrail bu fürsəti əldən verər və azarkeşləri qarşısında zəif Azərbaycan qarşısında məğlub olar. Bunu da qeyd etmək istəyirəm ki, favoritlər həmişə qələbə qazanmır. Azərbaycanın da stabil oyunu olmadığı üçün proqnoz vermək çox çətindir. Mən şansları 70% İsrailin, 30% isə Azərbaycanın qələbəsini proqnozlaşdırardım. Milli komandamızın xal götürmək şansı az da olsa, var.
 
- İsrail Bakıdan 1-1-lik nəticə ilə qayıtmışdı. Necə hesab edirsiniz, onlar İsraildə millimizdən bu nəticənin qisasını almaq üçün meydana çıxacaqlar?
- Fikrimcə, ilk oyunda İsrail özünə bənzəmirdi. Sonradan özlərinə gələməyə başladılar. İsrail sabah qisas haqqında yox, 3 xal fikirləşəcək. Onlara 3 xal hava-su kimi lazımdır. İsrail bizimlə qarşılaşmada daha çox nəticəyə oynayacaq.
 
- Bu qarşılaşmada böyükhesablı nəticə qeydə alına bilər?
- Hər şey ola bilər. Azərbaycan millisi elə bir komandadır ki, stabil futbol oynamır. Proqnoz vermək çox çətindir. Ola bilər ki, Azərbaycan oradan xal da götürsün.
 
- Şimali İrlandiya, Lüksemburq kimi komandalarla səfər matçlarından xalla qayıtmağı bacarmışıq. Bu oyunda 11 nəfərlə müdafiə olunub qol buraxmamağa çalışacağıq?
- Şimali İrlandiya, Rusiya kimi komandalar fiziki və atletik futbola üstünlük verirlər. Amma İsrail tam başqa bir futbol oynayır. İspan futboluna yaxın hesab etmək olar onların topla rəftarını. Onlar komandamızı həm indivudial, həm də bir ötürmə ilə müdafiəmizi yarmağa çalışacaqlar. Bu qarşılaşmada Azərbaycan çox əziyyət çəkməli olacaq. Rəngarəng hücumların qarşısını almaq lazım olacaq.
 
- Berti Foqts yenə milliyə Ufuk Budaq, Əli Gökdəmir, Elhad Nəziri kimi klublarında oynamayan futbolçuları çağırıb. Nə qədər tənqid olunsa da, yenə eyni oyunçular. Bunu necə izah edərdiniz?
- Bu, məşqçinin öz seçimidir. Deməli, onun futboluna bu oyunçular uyğundur və onları dəvət edir. Hazır və hazır olmamalarından asılı olmayaraq məşqçi seçimi əsasdır. Hər kəsin fikrinə hörmətlə yanaşmaq lazımdır.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti