"Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm"

11:18 - 15 Sentyabr 2013

Sebastyan Kastro-Telyo: "Əsas olan şey komandanın qələbə qazanmasıdır"
 
"Rəvan” Premyer Liqanın 6-cı turu çərçivəsində "Qarabağ” ilə qarşılaşıb.
 
Sportal.az klubun rəsmi saytına itinadən xəbər verir ki, çempionata uğursuz başalayan komanda artıq yavaş-yavaş özünə gəldiyini bu görüşdə də sübut etdi. Hər halda, ötən mövsümün gümüş medalçısı, Avropa Liqasında "play-off" mərhələsinə qədər irəliləyən rəqiblə başabaş mübarizə apardı. Elə bunun nəticəsində də görüş heç-heçə başa çatdı. Özü də "Qarabağ” bərabərlik qolunu oyunun sonlarında vura bildi. Komandanın heyətində isə Sebastyan Kastro-Telyo fərqləndi. Cari mövsüm "Rəvan”ın rəqib qapılarından keçirdiyi bütün qollarda bilavasitə iştirak edən, başqa sözlə 2 qol vurub 1 məhsuldar ötürmə edən isveçli pleymeyker matçın 20-ci dəqiqəsində topu rəqib qapıçının ayaqları arasından tora göndərməyi bacardı.
 
Oyundan sonra Çili əsilli hücumameyilli yarımmüdafiəçi klubun rəsmi saytına danışıb. 26 yaşlı xavbek ilk öncə oyun haqda fikirlərini bölüşüb:
 
"Qarabağ”ın necə güclü kollektiv olduğunu hamı bilir. Ancaq biz görüşə çox yaxşı köklənmişdik. Oyunöncəsi tapşırıqları yaxşı dərk etdiyimizdən rəqiblə bərabər mübarizə apardıq. Düzdür, onların qol imkanları çox oldu. Ancaq əsas nəticədir. Bütün komanda yaxşı mübarizə apardığından sonda xalsız qalmadıq. Son dəqiqələrdə qol buraxdığımızı yada salanda çox üzülürəm. Qələbəyə çox yaxın idik. Hətta deyərdim ki, 2 xal itirdik, nəinki 1 xal qazandıq. Ancaq yenə də nəticə gələcək üçün nikbinlik vəd edir. Bu uğurlu nəticələrin ardını gətirməyə çalışacağıq”.
 
Qeyd olunduğu kimi, Telyo komandanın vurduğu 3 qolun hamısında bilavasitə iştirak edib. "Qarabağ”la görüşdə cari çempionatda 2-ci qolunu vuran Kastro-Telyo bu məqama da münasibət bildirib:
 
"Nəticələrimə görə sevinirəm. Amma əsas olan şey komandanın qələbə qazanmasıdır. Düzdür, hər dəfə qol vurduqca, məhsuldar ötürmələr verdikcə özünəinamım xeyli artır. Bununla belə, komanda uğuru hər şeydən öndə gedir. Çalışacağıq ki, növbəti oyunlarda da ən azı bu matçda olduğu kimi mübarizə aparaq. Belədə nəticə də özü gələcək. Artıq yeni futbolçular komandaya demək olar, tam uyğunlaşıb. Tədricən hər şey qaydasına düşəcək. Hər yeni oyunda daha yaxşı oynayırıq. Ümid edirəm ki, bu davamlı olacaq və öz oyunumuzu tapdıqdan sonra yüksək yerlər uğrunda mübarizəyə qoşulacağıq”.

Xəbər xətti