"100 oyun həddinə çatdığıma görə şadam"

14:13 - 16 Sentyabr 2013

Vladislav Qədirov: "Çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın"
 
Premyer Liqanın 6-ci turunun "Rəvan” – "Qarabağ” oyunu baş məşqçi Vladislav Qədirov üçün yubiley ilə əlamətdar olub.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı çalışdırıcı peşəkar məşqçilik karyerasında 100-cü görüşünə çıxdı. Ümumiyyətlə, bu 100 oyunda baş məşqçi 44 qələbə əldə edib, 39 dəfə isə məğlub olub. Qalan 17 görüşdə isə heç-heçə qeydə alınıb. Qədirovun sırf "Rəvan”da 45-ci oyununu keçirdiyini də bildirək. Yubileyi "sülh” ilə qeyd edən "sükan sahibi” komandada 26 qələbə əldə edibsə, 10 matçda yenilgiyə üzülüb. "Rəvan”ı 2011-ci ildə Premyer Liqaya çıxaran mütəxəssis komandadakı digər 9 görüşdə heç-heçəyə şahidlik edib ki, bunlardan da sonuncusu "Qarabağ” ilə son tur matçına təsadüf etdi.
 
Yubilyar məsələ ilə bağlı klubun rəsmi saytına danışıb:
 
"100 oyun həddinə çatdığıma görə şadam. Özü də yubiley oyununda ölkənin ən güclü klublarından olan "Qarabağ” ilə görüşdük və onlardan xal aldıq. Əlbəətə, qələbə qazansaydıq, daha möhtəşəm olardı. Lakin 1 xalla kifayətlənməli olduq. Əsas odur ki, uşaqlar artıq hər oyunda döyüşür, sona qədər mübarizə aparır. Mənə gəlincə, çalışacam ki, komandam oyunu ilə qəlblərə yol tapsın, sayılıb-seçilən kollektivə çevrilsin. Hər keçən oyunda inkişafın olduğunu hiss edirəm. Ümid edirəm ki, bu artan qrafiki qoruyacağıq”.

Xəbər xətti