"XL"in üzvü: "Adımı bilmədikləri üçün mənə Kaladze deyirdilər"

12:36 - 30 Sentyabr 2013

"Azərkeşlər biz inansın ki, biz də onların istəyini yerinə yetirək"
 
"Xəzər Lənkəran"ın əvəzedici komandası tarixi ərzində ən yaxşı vaxtlarını yaşayır. Artıq əvəzedici heyətlər arasında keçirilən ölkə çempionatında lider olan "ağ yaşıllar" iddialı komandaları məğlub edərək, ardıcıl qələbələr qazanır. Komandanın kapitanı Elvin Mirzəyev hətta əsas komandanın dünyaşöhrətli çalışdırıcısı Con Benjamin Toşakın da diqqətini cəlb edib. Əsas komanda ilə məşqlərə qatılan Mirzəyev kapitanı olduğu əvəzedici komandanın qələbələrinin sirlərini Sportal.az-a açıqladı. Onun müsahibəsini təqdim edirik:
 
- "Xəzər Lənkəran"ın əvəzedici komandası bəlkə tarixi ərzində ən yaxşı dövrün yaşayır. Komanda ardıcıl qələbələr qazanır... 
- Əvvəllər də həmişə yaxşı çıxış etmək istəmişik. Elə onda da komandada eyni uşaqlar oynayırdı. Amma yaxşı çıxış alınmırdı. Yaxşı nəticələr olmurdu. Elbrus müəllimin gəlişindən sonra sanki komandaya yeni nəfəs gəldi. Artıq komanda ötən mövsüm də ardıcıl 7 oyun məğlub olmamışdı. Bizdə özümüzə inam yarandı. Bəzi futbolçular göndərildi, aşağı yaş qruplarından uşaqlar gəldi. Elbrus müəllim komandaya yeni ab-hava gətirdi. Həmçinin rəhbərlik bizə yaxşı şərait yaratdı. Artıq bu il şəraitimiz daha da yaxşılaşdırıb. Komandada artıq hər şey əladır. Ona görə də biz yaxşı nəticələr qazanırıq. Təsadüfü deyil ki, çempionatın lideriyik. Bundan sonra uğurumuzun davamını gətirməyə çalışacağıq. Əvvəllər əsas komandaya nadir hallarda futbolçu gedirdi. Amma indi artıq tez-tez əvəzedici komandadan əsas komandaya futbolçular gedir. 
 
- Bildiyimizə görə, ötən mövsümün sonunda rəhbərlik əvəzedici heyətin məşqçilərindən 10 illik üçün nəticə tələb edib. Bunun uğurlu çıxışınızda rolu varmı?
- Düzdü, əvəzedici heyət heç çempionatlarda nəticə qazana bilmirdi. Hamımız bilirik ki, bu il komandanın 10 illiyidir. Buna görə də ötən il bizdən bu mövsüm üçün nəticə tələb olunmuşdu və bizə gözəl şərait yaradıldı bunun üçün. Gürcüstanda təlim-məşq toplanışı keçdik. Orada da yaxşı hazırlaşdıq. Rəhbərliyin qoyduğu şərt bizim üçün ən böyük şərtdir. Həmçinin də biz artıq nəticə qazanmalıyıq. Axı "Xəzər Lənkəran" heç bir komandadan zəif deyil. Bizim əsas heyət komandamız həmişə çempionluq üçün oynayıb. 
 
- Əvəzedici heyətin kapitanısan. Kapitan olmaq çətin deyilki?
- Mən kapitanam. Amma əsas bu deyil. Əsas olan odur ki, komandada mehribançılıq olsun. Bizdə də bu var. Bütün futbolçular bir-birinə hörmət edir. Uğurlarımızda bunun da böyük rolu var. Kapitanlıqdan irəlidə hörmət lazımdır. Bu da bizdə var. Elə belə davam etsək, daha böyük uğurlarımız olacaq.
 
- Əsas komandaya da dəvət alırsan. Onlarla məşq edirsən. Çətin deyil ki, həm əsas komandada, həm də əvəzedicidə olmaq?
- Bu mənim üçün problem deyil. Əvəzedici komandanın kapitanıyam. Əsas komandada da oynamaq şərəfdir. Həmçinin də əvəzedici heyətin kapitanı olmaq yaxşı hissdir. Bütün bunlar məndə böyük ruh yüksəkliyi yaradır. Əsas komandaya da gəlib məşq eləmək mənim üçün şansdır. Özümü göstərməliyəm.
 
- Kapitanı olduğun komandanın çempionluq şansları nə qədərdir?
- Bizi nə üçüncü, nə də ikinci yer qane edəcək. Biz ancaq çempionluq üçün oynayacağıq. Bunun üçün gücümüz də var. Sadəcə bir yumruq kimi birləşib bunun öhdəsindən gəlməliyik. Çünki rəhbərliyin istəyini yerinə yetirib onlara 10 illikdə çempionluq hədiyyə etməliyik. Çünki biz buna layiqik. Göstərdiyimiz oyun onu deyir ki, birincilik bizim olacaq.
 
- Nə üçün milli komandaya dəvət almırsan?
- Bilmirəm nə üçün dəvət almıram. Yəqin milli komandanın məşqçiləri məni görməyiblər. Təbii ki, belə hallar məndə ruh düşkünlüyü yaratmır. Mən günü-gündən daha da yaxşı oynamalıam ki, milli komandanın da məşqçiləri məni məcbur olub ora dəvət etsinlər. Sözsüz ki, hər bir futbolçunun istəyidir ki, milli komandada oynasın. Mənim üçün də böyük arzudur ki, gedim ölkəmin milli komandasına kömək edim. Qismət olar milli komandaya da dəvət alacam.
 
- Əsas komanda çempionata heç də yaxşı başlamayıb. 8 tura 9 xal qazanıb. Bunu necə dəyərləndirirsən? Çempion ola biləcəkmi?
- Bu futboldur. Dünyanın elə bir komandası yoxdur ki, onun tarixində belə nəticələr olmasın. Ən güclü komandaların belə bəxti gətirməyən, belə aşağı yerlərdə yer alan vaxtları olub. "Xəzər Lənkəran" həmişə zirvədə olub. Həmişə birincilik üçün "döyüşüb". Bu il də heyətimiz, oyunumuz onu deyir ki, əsas heyət də çempion ola bilər. Sadəcə ilk turlarda bəxtimiz gətirmədi. Amma komanda yaxşı futbol oynayır. Düşünürəm ki, qarşıda "Xəzər Lənkəran" zirvəyə doğru addım-addım gedəcək. Bu il həm əsas, həm də əvəzedici komandanın çempion olmaq şansları var. Buna da nail olacağıq. 
 
- Gənc futbolçu kimi ən böyük arzun nədir?
- Ən böyük arzum "Xəzər Lənkəran"la uğurlar qazanmaqdır. Mən öz doğma komandamın formasını geyməyi özüm üçün şərəf sayıram. İnanıram ki, bir gün bu komandanın əsas heyəti ilə təkcə Azərbaycanda deyil, Avropada uğur qazanacağam.
 
- Əvəzedici heyətdə hansı oyunu unuda bilmirsən? Hansı oyun daha çox yada qalıb?
- Təbii ki, bu suala əvəzedici komandada hamı eyni cavabı verərə. "Neftçi"ni 6:1 udduğumuz oyun. Həmin oyunu həyatımboyu unutmayacam.
 
- Bəs, sənə nə üçün Kaladze deyirlər?
- Uşaq vaxtı futbola gələndə Kaladzenin formasında gəlmişdim. Məşqçilər də adımı bilmədiyi üçün məni Kaladze deyə çağırırdılar. O vaxtdan elə hamı mənə o adı deyirlər.
 
-Deyəcəyin başqa nəsə var?
- Son sözümü azarkeşlərə deyirəm. Həm bizə, həm də əsas komandaya güvənin. Arxamızda olun. Azarkeşin futbolun gözəlliyidir və bizim qələbələrimizdə təbii ki, onların da rolu var. Siz bizə inanın ki, biz də sonda siz istəyənə nail olaq.
 
 
 
 
Elsevər MƏMMƏDOV

Xəbər xətti