"Rəvan"ın futbolçusu:"Bakıda pul qazanmağı bacarmırsansa, günahkar özünsən"

00:01 - 5 Noyabr 2013

Holster:"Bizdə kollektiv oyun hər şeydən üstündürsə, Azərbaycanda isə ..."
 
 
"Rəvan”ın yayda heyətinə qatdığı futbolçulardan biri də Fredrik Holsterdir.
 
Sportal.az xəbər verir ki, cari mövsüm cəmi 2 oyunda "Rəvan"ın heyətində yer alan isveçli yarımmüdafiəçi yerli mətbuata müsahibə verib.
 
Əvvəlcə "Rəvan”a gəlişi haqda danışan sarışın futbolçu belə deyib:
 
"Sunsvall”da müəyyən dövrə qədər hər şey məni qane edirdi. Ancaq sonradan vəziyyət dəyişdi. Rəhbərliklə münasibətlərim korlandı. Sonradan öyrəndim ki, haqqımda bəzi əsassız şayiələr yayıblar. Guya mən bir başqa klubun məşqçiləri və futbolçuları ilə dalaşmışam. Bütün bunlar məni komandadan ayrılmağa məcbur etdi. Belə bir məqamda "Rəvan” variantı ortaya çıxanda sevindim. Onsuz da karyeramı vətəndən kənarda davam etdirmək istəyirdim. Rəhbərliklə söhbətləşəndən sonra qərarımı qətiyyətləşdirdim.
 
Holster Azərbaycan və İsveç arasındakı fərqlərdən də danışıb: "Fərqlər çoxdur. Demək olar, bütün yaşam sahələrində fərq var. Ən əsası mədəniyyət fərqini qeyd etməliyəm. Sanki yeni dünyaya düşmüşəm. Amma əyləncəlidir. Azərbaycanda asanlıqla ingiliscə kiminləsə danışa bilərsən. Amma rus dili daha populyardır. Azərbaycanda çay çox içilir. Mən də yavaş-yavaş buna alışıram. Bakıda pul qazanmaq asandır. Bunu bacarmırsansa, tənbəlsən, günahkar özünsən.
 
Müsahibənin sonunda isə Fredrik "Rəvan”ın  Premyer Liqadakı çıxışı barədə də söhbət açıb: "Düzdür, nəticələr ürəkaçan deyil. Amma heyətdə potensiallı uşaqlar, səviyyəli futbolçular çoxdur. Ümid edirəm ki, işlərimiz qaydasına düşəcək. Azərbaycanda İsveçlə müqayisədə fərqli futbol oynanılır. Bizdə kollektiv oyun hər şeydən üstündürsə, Azərbaycanda fərdi keyfiyyətlərlə də seçilmək olar. Oynanılan futbol texniki cəhətdən mənə uyğundur. Ona görə də özümü göstərəcəyimə ümidliyəm. Mövsüm bitəndən sonra da bəlkə elə Azərbaycanda qalıb oynadım”.

Xəbər xətti