Anar Salmanov:"Mənim irəli getməyim bəzi hakimlər üçün ..."

00:02 - 9 Noyabr 2013

"Xaqani Məmmədovla bu məsələyə qayıdarıq, oturub bir söhbət edərik"
 
 
Sportal.az  FİFA referisi Anar Salmanovun müsahibəsini sizə təqdim edir:
 
 
- Premyer Liqada səni nə vaxt görəcəyik?
- Nə vaxt rəhbərlik təyin eləsə, onda. Hakimlər Komitəsinin verəcəyi qərarı gözləməyə məcburam. Özbaşıma heç nə edə bilmərəm.
 
- Səncə, etdiyin səhv bu qədər bağışlanmazdı? 
- Hər bir hakim səhv edə bilər. Bu, futbolun yazılmayan qanunudu. İstəmədən səhv edirsən də. Biz də normal adamıq. Avropada oyunları idarə edirəm. Hər şey də qaydasında gedir. Şükür Allaha, heç kəs “minus” demir. Səhv isə səhvdi və bunu komitə dəyərləndiri. Səhv olub-olmadığına onlar qərar verir. İnşallah, yaxın vaxtlarda yaxşı olacaq, əminəm. Baxın da, bütün hakimlər səhv edir. Onlardan biri də mən.
 
- Birinci divizion ağır gəlmir?
- Bu, mənim yox, rəhbərliyin qərarıdı. Rəhbər rəhbərdi. Deyirsə, birinic diviziona get, getməliyəm. Premyer Liqaya desələr, gedəcəm. Sizə deyim ki, birinci divizion çox maraqlıdı və çox məsuliyyətlidi. Maraqlı, güclü, çempionluq uğrunda oynayan komandalar çoxdu. Onların oyunlarını idarə etmək daha çətindi, inan mənə. Çətinliyin əsas səbəbi birinci divizionda çoxunun peşəkar olmamasıdı. Əksəriyyəti futbol qaydalarını bilmir. Hərdən lazımsız vəziyyətlər yaranır. Klublar Premyer Liqanın bütün oyunlarında hakim idarəçiliyindən narazılıq edir. Ancaq ölçü götürülmür və gələn həftə çıxıb digər komandaların evini yıxır. Hər birimiz Azərbaycan futbolu üçün çalışırıq. Bu suala isə mənim cavab verməyim düzgün çıxmaz. Səlahiyyətimdə olan məsələ deyil. Qoy, bu suala Hakimlər Komitəsi cavab versin. Çünki cəza da onlarlıqdı. Həyatda səhvdən heç kəs sığortalanmayıb. İş olan yerdə səhv də, təbii ki, olacaq. Bütün sahələrdə insanlar səhvə yol verir. Anar da bundan sığortalanmayıb.
 
- Xaqani Məmmədov nə deyir? Komitə sədriylə söhbətin olmayıb? Demir ki, hazırlaş, qaytarıram?
- Özüm ölüm, Xaqani Məmmədovla söhbətim olmayıb. İndidən danışmağın mənası da yoxdu. Hamının başı qarışıb çempionata. İkinci dövrə bitsin, yəqin ki, Xaqani Məmmədovla bu məsələyə qayıdarıq, oturub bir söhbət edərik.
 
- Bəlkə Avropada irəli getdin deyə, gözü götürmədi?
- Vallah, Anarın qabağa getməyi hakimlərimiz üçün çox yaxşıdı. Mənim uğurum Azərbaycan futbolunun uğurudu. Tək özüm üçün etmirəm ki, bunları. Biz unutmamalıyıq ki, Azərbaycanın Tofiq Bəhrəmov və Eldar Əzimzadə kimi hakimləri olub. Mən də onların davamçısı olmaq istəyirəm. Gərək həmin hakimlərin ardını daha güclü gətirək.
 
- Deyirsən ki, 100 nəfərin yüzü də qabağa getməyini istəyir?
- Xeyr. Həyatdı, sevinəni də var, sevinməyəni də. İrəli getməyimi istəyən də var, istəməyən də. İstəməyənlər, yəqin ki, sağlam rəqabətdən qaçanlardı.
 
- Adlarını çəkə bilməzsən?
- Bilmirəm kimlərdi. Sağlam rəqabətdən qaçanlara da uğurlar arzulayıram. Təki can sağlığı olsun!
 
mənbə: Sport Favorit qəzeti 

Xəbər xətti