"Yəqin onun oyun üslubuna uyğun gəlmirdim" MÜSAHİBƏ

12:11 - 11 Noyabr 2013

Ceyhun Cavadov:"Qolu atama həsr etdim"
 
Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Rəvan” -  "Sumqayıt” matçında (1:1) meydan sahiblərinin vurduğu yeganə qolun müəllifi Ceyhun Cavadov klubun rəsmi saytına müsahibə verib.
 
Sportal.az həmin müsahibəni təqdim edir
 
- "Rəvan” forması ilə ilk qolunu vurdun. Qoldan sonra nə hisslər keçirdin?
- Xüsusi sevinc oldu desəm, düz çıxmaz. Sadəcə, komandamın daha da yaxşı çıxış etməsi, uğurlu nəticələr qazanması üçün çalışıram. Qol vurmaq da yaxşıdır. Təbii, bu bir ilk olduğundan müəyyən mənada özünəəminliyimi artırır. Amma yenə deyirəm ki, xüsusi hisslər keçirmədim.
 
- Qolu təsvir edərdin...
- Vareanın topu saxladığını və mənə tərəf baxdığını görüncə, topu mənə tərəf ötürəcəyini anladım. Boş zonaya açıldım ki, rahat olsun. Top önümə gələrkən qapını tam gördüyümdən zərbə vurmaq qərarına gəldim. Şükür, zərbəm dəqiq oldu.
 
- Qolu kimə həsr etdin?
- Qolu atama həsr etdim. O, stadionda idi və qoldan sonra ona tərəf qaçdım. Atamın üzərimdə böyük əməyi var, bu səviyyəyə çatmağımda müstəsna xidmətləri olub. İnşallah, onun üçün hələ çoxlu qollar vuracam.
 
- Atan bütün oyunlarını izləyir?
- Atam, demək olar, bütün oyunlarıma gəlir. Yalnız Bakıdan çox uzağa çıxanda orda olmur. Qalan bütün görüşlərdə mənə stadiondan mənəvi dəstək olmağa çalışır.
 
- Çempionatın əvvəlində az-az oynayırdın, amma indi demək olar, əsas heyətin üzvünə çevrilmisən. Nə dəyişdi ki?
- Mövsümlərarası fasilədə Ramil Əliyev məni komandaya dəvət etdi. İlk turlarda da şans verirdi. Amma Vladislav Qədirov baş məşqçi olandan sonra ehtiyatda qalmağa başladım. Demək olar, şans vermədi mənə. Şahin müəllim gələndən sonra isə yenidən oynamağa başlamışam. Görünür, Vladislav müəllimin oyun üslubuna uyğun gəlmirdim. Hər halda, hər məşqçinin öz seçimi olur və ona hörmətlə yanaşmaq lazımdır.
 
- Şahin Diniyev son mətbuat konfransında sənin gələcəyini parlaq gördüyünü, böyük potensiala sahib olduğunu bildirdi. Və əlavə etdi ki, öz üzərində daim və çoxlu işləməlisən...
- Şahin müəllimlə mən də söhbət etmişəm. Mənə də deyib ki, öz üzərində çox işləsən, gələcəkdə yaxşı futbolçu olacaqsan. Şükür Allaha, məşqçinin tapşırıqlarını canla-başla yerinə yetirirəm. Ola bilər ki, bəzən istənilən oyunu göstərə bilmirəm. Amma hər şeyin yaxşı olması üçün əlimdən gələni əsirgəmirəm.
 
- Artıq gələn mövsüm yaş limitinə düşməyəcəksən. Başqa sözlə, əsas heyətdə oynamaq daha da çətinləşəcək. Bu barədə düşünmüsən?
- Əlbəttə. Artıq indidən bu barədə düşünürəm. Üzərimdə çalışıb komandanın aparıcı üzvlərindən birinə çevrilmək istəyirəm. Yalnız bu halda gələn mövsüm də mütəmadi oynaya bilərəm. Məşqlərdə də hazırlıq bitəndən sonra qalıb əlavə çalışıram. İnşallah əziyyətimin qarşılığını görərəm. Buna böyük ümidim var.

Xəbər xətti