"Rəqib Fair-Play qaydalarına uyğun olmayan hərəkət etdi" MÜSAHİBƏ

11:30 - 25 Noyabr 2013

Joze Alesio Da Silva: "Bizi çempionatda “Fənərbaxça” ilə çətin qarşılaşma gözləyir"
 
"Araz" Futzal Klubunun baş məşqçisi Joze Alesio Da Silva affa.az saytına müsahibə verib
 
Sportal.az həmin müsahibəni təqdim edir.
 
- Mümkünsə, söhbətimizə xronoloji ardıcıllığı pozmaqla başlayaq. “Sportinq”ə qarşı keçirilmiş oyunla bağlı nə deyə bilərsiniz?
- Bizi ağır oyun gözlədiyini bilirdik. Üstəlik, qələbə qazanmaqdan başqa yolumuz yox idi. Vurulmuş və buraxılmış topların fərqi "Sportinq"in xeyrinə olduğuna görə, heç-heçə rəqibin işinə yarayacaqdı. Oyunöncəsi uşaqlarda həyəcan var idi. Necə olacağını bilmirdik. Oyun çox gərgin alındı. Hesabda 1 top fərqi ilə öndə idik. Lakin bütün gücümüzü səfərbər etdik və lazım olan nəticəni qazandıq.
 
- Əvvəlki iki oyunla müqayisədə bu dəfə komandanı fərqli taktika ilə oynatdınız. Qarşılaşmanın taleyini taktiki dəyişikliyin həll etdiyini demək olarmı?
- Rəqibin oyunlarını izləmişdik. Artıq onların necə oynadığına bələd idik. Uşaqlarla da məsləhətləşdik ki, necə oynayaq. Çalışdıq ki, çox şeyi dəyişməyək. Rəqibə pressinq tətbiq etdik. Onlar pressinqdən çıxan zaman isə müdafiədə fərqli oynamaqla topu qazanmağa çalışdıq. Uşaqlar oyuna yaxşı köklənmişdilər. Çox həvəsli və istəkli idilər. Yekunda da bunun bəhrəsini gördük. Qələbə istəyimizin çox olması nəticəyə böyük təsir göstərdi.
 
- Portuqaliya klubu ilə Portuqaliyada qarşılaşmaq nə qədər çətindir?
- Azarkeşlərin bu cür çılğınlıq edəcəyini gözləyirdik. Çünki portuqaliyalı azarkeşlər hər zaman belədir. Sadəcə, xoşuma gəlməyən bir məqam oldu. Rəqib Fair-Play qaydalarına uyğun olmayan hərəkət etdi. Onların məşqçisi bizim ehtiyat oyunçular skamyamıza yaxınlaşıb mənim taktiki dəyişikliklərimi, verdiyim tapşırıqları qeyd edir, baş məşqçilərinə ötürürdü. Bu, yaxşı hal deyil.
 
- Davinin fitə basılması onun oyununa nə dərəcədə təsir etdi?
- O, belə şeylərə alışıb. Bu cür halla əvvəllər də qarşılaşıb. Ona görə də ciddi problem yaşadığını düşünmürəm. Çünki Davi əvvəllər “Benfika”dan “Sportinq”ə keçən zaman da bu vəziyyətlə üzləşmişdi.
 
- Növbəti planlar nə vaxt bəlli olacaq?
- Bakıya döndükdən sonra məşqə çıxacağıq. Ertəsi gün isə bizi çempionatda “Fənərbaxça” ilə çətin qarşılaşma gözləyir.
 
- “Dördlər finalı”nda hansı komandaların çıxış edəcəyini bilirsiz. Hazırkı heyəti gücləndirməyə ehtiyac varmı?
- Yaxşı komandamız var. Bununla belə, ən azı iki-üç mövqeni gücləndirməyə ehtiyac duyuram.

Xəbər xətti