Daha bir klubda maaşlar kəsilir:"Bu da olmayacaqsa, maaşlar kəsiləcək"

00:11 - 6 Dekabr 2013

"Hakimlərin bizim qəsdimizə durması məsələsinə söz tapıb deyə bilmirəm"
 
Sportal.az Gəncə futbol kuratoru Mehman Allahverdiyevin müsahibəsini təqdim edir
 
- “Bakılı” ilə matçın birinci hissəsinin sonunda qapımıza penalti təyin olundu, həm də azlıqda qaldıq. İkinci yarını təkqapı oynasaq da, uduzduq. Bəxt bizdən üz döndərib. Top gah dirəyə dəydi, gah da boş qapıya daxil olmadı. Dəfələrlə real qol şanslarımız oldu. Amma bizimki yenə gətirmədi. Deyə bilmərəm ki, komanda pis oynadı. Əksinə, uşaqlar yaxşı mübarizə apardılar. Hətta deyərdim ki, yüksək səviyyədə oynadılar.
 
- 11 metrlik cərimə zərbəsi vardı?
- Mənə elə gəldi ki, qayda pozuntusu cərimə meydançasından kənarda idi. Vəziyyəti hakim yaxından görürdü. Ona görə deyə bilmərəm, penalti vardı, ya yox. Amma fikrimcə, qapıçımız rəqib futbolçunu xətdən çöldə yıxmışdı. Yəqin ki, oyunun videoyazısına baxıb qiymət verəcəyik.
 
- Ümumiyyətlə, son dövrlər “Kəpəz”in bəxti hakimlərlə gətirmir. Bu mövsüm Anar Salmanovun idarə etdiyi hər üç oyunda komandanız uduzub. Bəlkə hakimlər sizi istəmir?
- Mən belə deməzdim. Hakimlərin bizim qəsdimizə durması məsələsinə söz tapıb deyə bilmirəm. Amma mən son oyunda hakimin 11 metrlik təyin etməməli olduğunu söyləyə bilərəm. Bəlkə də səhv edirəm. Hər halda, matçın videoyazısına baxmaq lazımdı. Amma ev sahibi olmadığımızdan görüntü əlimizdə yoxdu.
 
- Hakimlərlə bağlı müvafiq qurumlara müraciət etmisiz?
- İnanın Allaha, hələ indiyə kimi heç bir hakimlə bağlı şikayətimizi bildirməmişik. Amma belə davam edəcəyi və ya hakim səhvləri sübuta yetiriləcəyi təqdirdə, yəqin ki, məcbur qalıb sözümüzü deyəcəyik. Yox, qərəz təsdiqini tapmasa, əlavə söz deməyə ehtiyac yoxdu. Sizə bir şey deyim ki, “Araz Naxçıvan”la oyunda hamı qolun ofsayddan vurulduğunu dedi, amma mən bunu görə bilmədim. Əvəzində lehimizə 11 metrlik var idi, verilmədi və biz kimdənsə şikayətçi olmadıq.
 
- Baş məşqçi dəyişikliyindən sonra “Kəpəz”də irəliləyiş var?
- Komandamız son oyuna baş məşqçi eləcə də, onun köməkçilərinin rəhbərliyi yaxşı hazırlaşmış və köklənmişdi. Baş məşqçi əvəzləməsindən qısa vaxt keçib, hələ dəqiq bir söz demək olmaz. Amma uduzduğumuz oyunlarda deyə bilərəm ki, uşaqlar nisbətən yaxşı oynadılar. Dönüş var.
 
- Düşərgədə vəziyyət necədi?
- Hər şey normaldı, futbolçularla münasibətlərimiz qaydasındadı. Qış fasiləsində komandanı gücləndirməyi hədəfə almışıq. “Kəpəz”də dövrələrarası fasilədə böyük dəyişikliklər olmalıdı.
 
- Futbolçunun canı puldu. Uğursuzluğa görə cərimələr və ya maaşların azaldılması nəzərdə tutulub?
- Mən bunu hələ turlar öncə onların özünə də demişəm. Bildirmişəm ki, əsas olan nəticədi. Bu da olmayacaqsa, maaşlar kəsiləcək. Oyunçular da öz işlərini bilirlər.
 
"Futbol+" qəzeti
 

Xəbər xətti