"Sumqayıt" yetişdirir...

18:10 - 9 Dekabr 2013

Bəlkə bu söyüşlərə qarşı bir tədbir görmək lazımdı?
 
Premyer Liqanın XV turunda baş tutan "Sumqayıt" - "Neftçi" oyununda meydan sahiblərinin futbolçusu Samir Abbasov baş hakim Fariz Yusifovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılmışdı. AFFA-nın İntizam Komitəsi bu hadisəyə biganə qalmadı və adı çəkilən futbolçunu 4 oyunluq yaşıl meydanlardan uzaq qoydu, bəs "Sumqayıt"?
 
Klub rəhbərliyi Abbasova intizamsızlığına görə heç bir cəza vermədi. Yerli futbolçunun bu hərəkətinin rəhbərlik tərəfindən cəzasız qalması komanda yoldaşlarının da yolunu açdı. Dünən Premyer Liqanın 16-cı turunda keçirilən "Sumqayıt" - "Bakı" oyununda da oxşar hadisə baş verdi. Bu dəfə Abbasovun bir tur öncə etdiyini komanda yoldaşı Ruslan Qurbanov təkrarladı. Qurbanov birincinin cəzalanmadığını görüb bu oyundakı yan xətt hakimlərindən olan Nahid Əliyevə söyüş ünvanladı. Baxmayaraq ki, Qurbanov da Abbasov kimi öncə hakimin onu təhqir etdiyini iddia edir.
 
"Sumqayıt" klubu "Neftçi" ilə oyundan sonra səs-küylü bəyanat yaydı. "Biz milliyə futbolçu yetişdiririk" deyildi, biz də inandıq. Bu məqamda insanı bir sual düşündürür: "Sumqayıt" milliyə bu cür futbolçular yetişdirir? Hər halda Abbasovun cəzalanmadığını nəzər alsaq, Qurbanovun da klub tərəfindən heç bir sanksiya ilə üzləşməyəcəyini demək olar. Bu isə digər gənclərin də onların "layiqli" davamçısı olacağını deməyə əsas verir.
 
Mövzunun tən ortasında bir sual da yaranır. Qarşıdakı turlarda bu hal yenidən təkrarlanarsa, klub rəhbərliyi bəyanat yayıb "biz milliyə ən çox futbolçu verən klubuq" deyəcək? Bəlkə bu söyüşlərə qarşı bir tədbir görmək lazımdı? Tutaq ki, hakimlərimiz hamızı tərbiyəsizdi və söyüş söyürlər. Bu, "Sumqayıt"lı oyunçuların da hər dəfə onlara cavab verəcəyinə əsas verirmi?
 
Samir Abbasov və Ruslan Qurbanov indidən bayram hazırlıqlarına başlayıb. "Neftçi"nin icarə əsasında "Sumqayıt"da oynayan 4 futbolçusu qışda paytaxt klubuna qayıdacaq. Qışdan sonra Aqil Məmmədovun komandasında kimlər olacaq? Yəqin Kamran Quliyev komandaya hansısa klubdan icarəyə futbolçu gətirəcək. Axı "Sumqayıt" yetişdirir (futbolinfo.az). 

Xəbər xətti