Dənizli:"Azarkeşlərimizin bizdən razı olduğunu gördüm" MÜSAHİBƏ

15:01 - 10 Dekabr 2013

"Rəvan"ı bu gün analiz edəcəyik"
 
"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin Sportal.az-a müsahibəsi
 
- Azərbaycan Premyer Liqasında ilk oyununuzu “İnter”ə qarşı oynadınız. Bu oyunu necə dəyərləndirə bilərsiz?
- “İnter” son 5 oyunda çox yaxşı çıxış edib. Bunun nəticəsidi ki, 4 qələbələri var. Biz isə daha pis oynamışıq. Oyunda qalib olmaq üçün hər şeyi etdik. 90 dəqiqə daha yaxşı olduq. Amma bu, 3 xal üçün yetmədi. Ən pis halda səfərdə ilk oyunum olduğu üçün 1 xal da yaxşıdı. Hələ qarşıda oynayacağımız 20 matç var. Bu oyunlar bizim üçün çox önəmlidi. Həmin matçların hamısında meydana ancaq 3 xal üçün çıxacağıq. Kuboka da yaxşı başladıq. Oyun baxımından komandamdan razıyam. “İnter” çox yaxşı müdafiə olunan komandadı. Buna baxmayaraq bizim həmin oyunda qol şanslarımız oldu. Sadəcə, 3 xal qazana bilmədik.
 
- “Rəvan”ı analiz etmisiniz?
- Onları bu gün analiz edəcəyik. “Rəvan”ın son turda və ondan öncə oynadığı oyunlara baxacağıq. Bugündən sonra artıq bütün çalışmalarımız onlar üçün olacaq.
 
- Ağabala Ramazanov artıq heyətə qayıdıb. Halbuki, “İnter”lə oyundan əvvəl məşqlərdə belə yox idi...
- O, cəzalı idi. Əvəzedici heyətdə idi.
 
- Amma “Neftçala” ilə kubok oyununda cəzalı olmadığı halda ilk “18-lik”də yox idi...
- Mən kubok oyununda da, məşqlərdə də daha çox “İnter”ə qarşı oynaya biləcək futbolçuları yoxladım. Ramazanov “İnter”ə qarşı meydana çıxa bilməyəcəkdi.
 
- Son turda çempionatda liderlər qrupunda qərarlaşan “Qarabağ”la “Neftçi” qarşılaşdı. Derbinin videoyazısını izləmisiz?
- Yox. Amma hamısının oyunlarına baxacam. Zamanımız çoxdu. Bütün komandaların oyunlarını izləyəcəm. Rəqiblərimizi qış fasiləsində daha çox analiz edəcəm. Hazırda daha çox etməli olduğumuz şey komandanı düzəltməkdi. Biz yaxşı oynadıqdan sonra qalan işləri görəcəyik.
 
- “Rəvan”la oyunu doğma meydanda keçirəcəksiz. Azarkeşlər önündəki ilk Premyer Liqa matçında qələbə sözü verirsiz?
- İnanırıq ki, qalib gələcəyik. Mən azarkeşlərin bizdən razı olduğunu gördüm. “İnter”lə oyunda bunu daha qabarıq şəkildə hiss etdim. Biz onlardan razıyıq, onlar da bizdən. Hər keçən gün komanda daha yaxşı olacaq. Onlara qələbələr gətirəcəyik.
 
- Orxan Sadıqlının müqaviləsinin müddəti dekabr ayında bitir. Onu komandada saxlamaq fikriniz varmı?
- Biz Orxandan razıyıq. O da yəqin ki, klubundan narazı deyil. Bu məsələləri qış fasiləsində həll edəcəyik.
 
Yusif HÜSEYN

Xəbər xətti