"Desəm ki, komanda tam özünə gəlib yalan olar"

14:59 - 11 Dekabr 2013

Şahin Diniyev:"Burdan kimisə günahkar çıxarmaq düzgün deyil"
 
"AZAL"la oyun nəticəsi bizim üçün şok oldu. Desəm ki, komandam bu nəticədən sonra tam toparlanıb, yalan olar. Ancaq inanıram ki, "Xəzər Lənkəran"la oyuna qədər hər şey düzələcək. Bu turda bildiyiniz kimi, komandada iki futbolçu Novruz Məmmədov və Ceyhun Cavadov cəzalı durumdadırlar. Onların yerinə kim özünü məşqlərdə yaxşı göstərsə, oynayacaq".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Rəvan"ın baş məşqçisi Şahin Diniyev bildirib. O, AZAL-la oyunda baş hakim Orxan Məmmədovun meydan sahiblərinə simpatiya göstərməsi haqqında danışmaq istəməyib.
 
"Mən hakimliklə bağlı danışmağı xoşlamıram. Bu oyunun nəticəsi bizim üçün şok oldu. Burdan kimisə günahkar çıxarmaq düzgün deyil".
 
Təcrübəli mütəxəssis qış fasiləsində "komandadan kimlər ayrılacaq?" sualına belə cavab verib:
 
"Hələ qarşıda iki tur var, indidən konkret nəsə deyə bilmərəm. İlk olaraq biz gələn futbolçular haqda düşünməliyik. Əgər gələnlər komandadakı futbolçulardan üstün olacaqsa, onda ayrılıqlar olacaq"

Xəbər xətti