Bir futbol ölkəsində YAZI

13:31 - 14 Dekabr 2013

1-ci HİSSƏ

 

Bu hekayədə canlandırılan hadisələr, personajlar tamamilə bir düşüncə məhsuludur.  İstənilən bənzətmə və oxşarlıqlar təsadüfdü.

 

O, fikrə getmişdi. Düşünürdü ki, bu həyat onu hardan-haralara gətirib çıxarmışdı. Məktəb, daha sonra tələbəlik illəri. Tələbəlik illəri onun həyatında xüsusi yer tuturdu. Texniki Universitetdə oxuduğu zamanlar həyat ona çox maraqlı, çox fərqli gəlirdi. Daha sonra polis orqanlarına qəbul olundu. Və artıq yeni bir həyata qədəm qoymalı oldu. O, asayişin keşiyində durmalı idi. Geydiyi mundir ondan ədalətli, düzgün olmağı tələb edirdi. Amma... Uzun illər insanları həbsə göndərən bu insan özü dəmirbarmaqlılar arasına düşdü. O, bunu ədalətsizlik, qanun isə cinayət hesab edirdi. Hər halda o, bəraət qazandı və 4 ildən sonra azadlığa çıxdı. Bu dəfə həyat onun üzünə yeni səhifə açdı. İndi o, futbol sahəsində çalışmalı, məsuliyyətli quruma rəhbərlik etməli idi.

 

Mobil telefonun qəfil zəngi onu fikirlərindən ayırdı. Nömrəyə baxdı. Zəng edən klub prezidenti idi. Dəstəyi götürmək istəmirdi. Çünki bilirdi ki, yenə nə isə qalmaqal baş verib. Dəstəyi götürən kimi qarşı tərəf salamsız-kalamsız ittihamlara başladı:

 

-        Belə olmaz axı. Bu özbaşnalıq nə qədər davam edəcək?

       Nə olub?

-        Bu “cındır”, bu səviyyəsiz yenə başımıza oyun açdı.

       Kimi deyirsən?

       Hakimi. Oyunumuza təyin etdiyiniz hakimi.

-        Hakimi mən yox, Hakimlər Komitəsinin sədri təyin edir. Özbaşnalıq olubsa, İntizam Komitəsinin iclasında bu məsələyə baxılacaq.

-        Xahiş edirəm, mənə nağıl danışmayın. Komitə sədri sizin icazəniz olmadan nəfəs belə ala bilmir. Onu yaxşı tanıyıram. Çıxıb yenə “cındır” hakiminin tərəfini tutacaq. Son dəfə deyirəm, elə etməyin ki, komandanı çempionatdan çıxarım.

       Ay oğul...

 

Onun sözü ağzında qaldı. Çox pərt olmuşdu. Öz-özünə düşünürdü ki, dünənin uşağı da onun üzünə telefonu bağlayır artıq.

 

Son illər onun üçün xüsusilə çətin keçirdi. Ölkə futbolunda hakim biabırçılıqları, söyülmələr, döyülmələr adi hal almışdı. O, isə bunun qarşısını ala bilmirdi. Əksinə, dəstək verirdi. Bəlkə də, başqa çıxış yolu yox idi. Çempionluq titulunu qazanmaq üçün hər vasitəyə əl atmağa hazır olan dostunun “zibilinə” düşmüşdü. Əslində o, həmişə bu işlərin içində olub. Lakin əvvəllər vəziyyət fərqli idi. Hər il bir komanda çempion olur və belədə narazılıqların qarşısını almaq olurdu. Son 3 ildə isə çempion dəyişməz qalıb. Vəziyyət o həddə çatıb ki, artıq bütün klublar dilə gəliblər. Hamı narazıdır və çoxları çıxış yolu kimi onun istefasını görürlər. Ancaq o, vəzifəsini qorumaq istəyir...

 

Çox əsəbi idi. Kabinetində var-gəl edən bu rəhbər şəxs öz-özünə söyürdü. Ona zəng edən klub prezidentini, hakimi, onu istəməyənləri. Ümumiyyətlə, söyüş söymək, onun-bunun arxasınca danışmaq artıq bir vərdiş halını almışdı onun üçün. Ancaq nə etsin? O, belə adamdı!

 

Adətən belə vəziyyətlərdə gənc hakimlərin hesabına özünü sığortalamağa çalışırdı. Cavandı, təcrübəsi yoxdu, uşaq səhv edib və s. bəhanələrlə məsələni ört-basdır etməyə çalışırdı. Bəxtdən bu dəfə təcrübəli, ən yaxşı sayılan hakimlərindən biri yaratmışdı qalmaqalı. Bu artıq mütəmadi hal aldığı üçün həmişəki bəhanələr keçərli deyildi.

 

Axı, nə etsin? Bir vaxtlar ümumi iclasda klublara kömək edənlərin ünvanına söyüş yağdırıb, daha sonra kabinetində “filankəsə kömək et” dediyi hakimlərdən indi necə ədalət tələb edə bilərdi?

 

Ancaq onun başqa çarəsi yox idi. Vəzifədə qalmaq üçün yeni iş metodikası müəyyənləşdirməli idi.

 

Ardı olacaq... 

Xəbər xətti