İdman Araşdırmalar Mərkəzi ilin qaliblərini mükafatlandırdı VİDEO

19:27 - 18 Dekabr 2013

34 KİV-i təmsil edən idman jurnalistləri  7 nominasiya üzrə qalibləri müəyyənləşdirdi
 
Bu gün İdman Araşdırmalar Mərkəzinin (İAM) “İlin qalibləri” layihəsi çərçivəsində keçirdiyi sorğunun nəticələrinə həsr olunan tədbir keçirilib.
 
Sportal.az xəbər verir ki, 34 KİV-i təmsil edən idman jurnalistlərinin səsverməsi ilə müəyyənləşən 7 nominasiya üzrə 2013-cü ilin ən yaxşıları “Qafqaz Baku City Hotel & Residences” otelində mükafatlandırılıb. 
 
“APA Holdinq”ın təşkilatçılığı, “AzərİdmanServis”in sponsorluğu ilə baş tutan tədbirdə idman jurnalistləri, idman ictimaiyyətinin nümayəndələri, həmçinin MOK-un vitse-prezidenti Xəzər İsayev, federasiya rəsmilərindən Ceyhun Məmmədov, Yaşar Məmmədov, Elçin Cəfərov və başqaları qatılıblar.
 
Mükafatlandırma mərasimini giriş sözü ilə açan İAM-ın rəhbəri Elşən Məmmədov sorğunun ənənəvi olacağını bildirib: “Olimpiya Hərəkatı və ölkə idmanının təbliğinə dəstək üçün yaradılan qurum təxminən 1 ildir fəaliyyət göstərir. Bu, bizim ikinci sorğumuzdur. İlk dəfə ötən il Premyer Liqanın ən yaxşısı ilə bağlı sorğu etmişdik. Peşəkar Futbol Liqası ilə birgə 7 nominasiya üzrə qaliblər müəyyənləşmişdi”. 
 
Bu dəfə də bu rəqəmin 7 olduğunu deyən Məmmədov nominasiyalar fərqliliyini qeyd edib. Onun sözlərinə görə, sorğuya 34 KİV qatılıb və qaliblər də onların səsverməsi ilə müəyyənləşib. Bəzi nominasiyalarda aşkar favorit olsa da, üçündə mübarizə gərgin gedib.
 
Tədbirin aparıcısı Pərviz Musayevin dəvəti ilə səhnəyə çıxan Bəhram Bağırzadə, Ramin Musayev, Elçin Cəfərov və digər qonaqlar qaliblərə mükafatları təqdim edib. Qaliblərdən şahmat yığmasının aparıcı üzvləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov, həmçinin Reynaldo Silva müxtəlif səbəblərdən tədbirə qatılmayıblar. 
 
Qeyd edək ki, həmkarlarımız seçimlərində hər nominasiya üzrə 1-i olmaqla, ən yaxşı saydıqlarının adlarını göstəriblər. Səsvermənin yekununda qalib olanlar sırasında yalnız bir nominasiyada vahid lider müəyyənləşməyib. İlin jurnalisti adına 2 həmkarımız layiq görülüb. Onlardan biri apasport.az saytının baş direktoru İxtiyar Əsgərovdur. 
 
1. İlin idman xadimi – Hafiz Məmmədov (“Bakı” klubunun prezidenti)
2. İlin idmançısı – Elxan Məmmədov (cüdo)
3. İlin futbolçusu – Kamran Ağayev (“Bakı”)
4. İlin əcnəbi futbolçusu – Reynaldo Silva (“Qarabağ”)
5. İlin komandası – Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi
6. İlin baş məşqçisi – Qurban Qurbanov (“Qarabağ”)
7. İlin idman jurnalisti – Sənan Şəfizadə (ATV), İxtiyar Əsgərov (apasport.az).
 
İAM sədri 2013-cü ildə idmançılarımızın qazandığı uğurlardan da danışıb. Tədbirə qatılmayan Hafiz Məmmədovun mükafatını almaq üçün mərasimə təşrif buyuran “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov klubun gördüyü işlərdən, İspaniya “Atletiko”su və Fransa “Lans”ı ilə əməkdaşlıqdan danışıb.
 
MOK-un vitse-prezidenti Xəzər İsayev isə idman jurnalistlərini böyük qüvvə adlandırıb. Onun sözlərinə görə, idmandakı uğurlarımıza məhz jurnalistlər dəyər verməlidir: “Sorğuda layiq olanlar qalib gəldi. Digərləri də çalışmalıdır ki, ən yaxşı olsunlar”.
 
Qılıncoynatma federasiyasını təmsil edən Yaşar Məmmədov da səsvermənin obyektivliyindən danışıb. O bildirib ki, səsvermənin nəticələrinə əsasən ən yaxşılar qalib gəlib. 

Xəbər xətti