Qurban Qurbanovun yubiley matçı

01:17 - 19 Dekabr 2013

Baş məşqçinin 7 mövsümü
 
Premyer Liqanın XVIII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.
 
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis Azərbaycan çempionatında 200-cü dəfə baş məşqçi kimi komandasını meydana çıxaracaq. 
 
“İnter”lə dekabrın 20-də baş tutacaq oyuna qədər 199 qarşılaşmada iş başında olan Qurbanov buna 2 klubda nail olub. 2006/07 və 2007/08 mövsümlərində “Neftçi”yə rəhbərlik edən 41 yaşlı çalışdırıcı 6 mövsümdür “Qarabağ”a rəhbərlik edir. Bu matçlarda onun yetirmələri 104 qələbə qazanıb, 55 heç-heçə edib və yalnız 40 dəfə uduzub.
 
Qurbanovun baş məşqçi kimi çempionatda debütü 2006-cı il avqustun 8-nə təsadüf edib. Həmin günü mütəxəssisin çalışdırdığı “Neftçi” öz meydanında “Gənclərbirliyi”ni darmadağın edib – 6:1. 2010-cu il noyabrın 11-də AZAL-la oyundakı 0:2 hesablı məğlubiyyət isə mütəxəssis üçün 100-cü olub.
 
Qeyd edək ki, Qurbanov Azərbaycan çempionatlarının 21 illik tarixində (1992-2013) ən azı 200 oyun keçirən 7-ci mütəxəssisdir. Bu siyahıya Qəhrəman Əliyev başçılıq edir – 381 matç. Ondan başqa, Ağasəlim Mircavadov, Əsgər Abdullayev, Kazbek Tuayev, Mehman Allahverdiyev və Vaqif Sadıqov da 200 oyun səddini arxada qoymağı bacarıb.

Xəbər xətti