Əyalət təmsilçisi Mərakeş klubu ilə qarşılaşacaq
Braziliyanın Araponqas şəhərində keçirilən "Laranya Mekanika Beynəlxalq Kuboku" turnirində iştirak edən "Qəbələ"nin 17 yaşa qədər futbolçulardan ibarət komandası yarış çərçivəsində üçüncü matçını keçirib.
Sportal.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qrup mərhələsinin ilk iki oyununda məğlub olan ("Laranya Mekanika" 0:3, "Palmeyras" 0:1) "qırmızı-qaralar" üçüncü görüşdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əhli" kollektivi ilə qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Bu nəticədən sonra qrupda 3-cü pilləni tutan "qırmızı-qaralar" 5-ci yer uğrunda oynamaq hüququ qazanıb. Sözügedən matçda "Qəbələ" Mərakeş təmsilçisi "Mohamad IV" ilə üz-üzə gələcək.
Matçın ardından turnir çərçivəsində seminar baş tutub. Seminarda "Qəbələ" Furtbol Akademiyasının direktoru Stenli Brard, "Mohamad IV" akademiyasının fransız məşqçisi Tomas Pavilyon və "Kuritiba"təmsilçisi Mario Andre Mazukko çıxış edib.