"Bəlkə də "Neftçala"ya məğlubiyyəti təsadüf saymaq olar" MÜSAHİBƏ

23:32 - 22 Dekabr 2013

"Nəqşicahan" rəsmisi: "Bu karvanın əsas yolçuları məlumdur"
 
Bu gün “Araz-Naxçıvan” doğma divarlar və azarkeşləri qarşısında “Qaradağ-Lökbatan”ı məğlub edərək turnir cədvəlində xal ehtiyatını artırdı və qış fasiləsinə lider kimi yollandı. “Nəqçicahan” AAK-nın İH-nin sədr müavini Famil Cəlalovla müsahibədə komandamızın qış çempionluğundan və bəzi mətləblər barədə danışdıq.
 
Sportal.az müsahibəni təqdim edir:
 
- Famil müəllim, "Araz-Naxçıvan" qış fasiləsinə çempion kimi yollandı. Hansı hissləri yaşayırsınız?
- Öncəliklə komandamızı qış çempionu olması münasibətilə rəhbərlikdən tutmuş sıravi işçiyədək, çoxsaylı azarkeşlərimiz də daxil olmaqla hamını təbrik edirəm. Bildiyimiz kimi bu gün Naxçıvanda soyuq hava olub və 3000-dən artıq azarkeş oyuna tamaşa edib. Komandanın bugünkü matçda dəstəklənməsi işində xüsusi rolu “ultrAraz”lı azarkeşlərə təşəkkürümü çatdırıram. Hisslərə gəldikdə isə bu çox qeyri-adi bir hissdir, ancaq, futbola baxanlar bilər. Çox sevincliyik. 
 
- Bugünkü qələbə və komandamızın qış fasiləsinə çempion kimi yollanması "Neftçala" məğlubiyyətinin bir təsadüf olması anlamını verirmi?
- Bəlkə də təsadüf saymaq olar, amma mən bu sözlərlə razılaşmıram. Çünki məğlub olsaq belə rəqib elə rəqibdir. Biz irəli baxırıq. Futbolda belə hallar çox olur. “Neftçala” ilə oyun artıq tarixə qovuşub və bu gün “Araz-Naxçıvan” 40 xalla turnir cədvəlinin lideri və qış çempionudur. 
 
- Qış fasiləsindən sonra komandadan nə gözləyirsiniz?
- Bir azarkeş kimi zəfər yürüşünün davamının gəlməsini gözləyirəm. Hədəfimizi dəyişməz qalır, komandamızı yalnız və yalnız Topaz Premyer Liqasında görmək istəyirik. Düzdür, bu komandamıza asan başa gəlməyəcək. Çünki, bu karvanın əsas yolçuları məlumdur: “Araz-Naxçıvan”, “Qaradağ-Lökbatan” və Neftçalanın eyniadlı komandası. Bunlardan mümkün qədər aralanmaq lazımdır. Amma buna baxmayaraq böyük əminlik və içimdə olan bir hissə inanaraq deyirəm ki, 2014/2015-ci il mövsümündə “Araz-Naxçıvan” Premyer Liqada olacaq. Çünki bu gün lider olmağımız və turnir cədvəlindəki xalımız da bunu deməyə əsas verir. 
 
- Komanda qış fasiləsinə yollandı. “Nəqşicahan” AAK da işlərinə fasilə verəcəkmi?
- Yox, biz işlərimizə fasilə verməyəcəyik. Planlarımız çoxdur, sadəcə bunları müəyyən mərhələlərdə həyata keçirmək məcburiyyətindəyik. Ən qlobal məsələmiz ofis problemidir ki, artıq o da həllini tapmaq üzrədir. Və yəqin ki, qısa zaman ərzində fan-kluba üzv olmaq üçün qeydiyyata start veriləcək. 
Bildiyimiz kimi “Araz-Naxçıvan” mart ayında Azərbaycan Kubokunun ¼ final matçında cənub təmsilçimiz “Xəzər-Lənkəran”la qarşılaşacaq. Baxmayaraq ki, qarşıda hələ 3 ay vaxt var, biz bu işə artıq start vermişik. Hər görüşümüzdə bu matçın hazırlıq planlarını müzakirə edirik. Çünki Azərbaycanın 2 məhşur bölgəsinin futbol “acları” rəqib kimi stadionda sevimli komandalarına dəstək olacaqlar. Çox maraqlı oyunlara şahidlik edəcəyik.
 
- Qeydiyyat məsələsinə toxdundunuz, bu prosedur barədə məlumat verərdiniz…
- Qeydiyyat məsələsinə gəldikdə bildiyimiz kimi bunu biz çox ciddi bir məsələ kimi həmişə diqqətdə saxlayırıq və çalışacağıq ki, sadəcə say artımı olaraq qeydiyyat olmasın. Yəni “Araz-Naxçıvan”ı həqiqətən dəstəkləyənləri biz fan-klubumuzda görmək niyyətindəyik. 18 yaşdan yuxarı hər kəs bizə müraciət edəcək. Amma onun qəbul olunub-olunmayacağına biz qərar verəcəyik. O şəxslərlə danışıqlarımız olacaq. Bəribaşdan deyim ki, stadionda söyüş söyən azarkeş bizə lazım deyil. Səbəi də çox sadədir. Biz mədəni və nümunəvi bir fan-klub olmağa iddialıyıq və işimizi də bu istiqamətdə aparmaq niyyətindəyik. Ola bilər ki, meydançada aqressiya olsun, amma unutmayaq ki, oyun 90 dəqiqədir və sonradan həyat öz axarı ilə davam edir. 
 
- “Nəqşicahan” AAK-nın rəsmisi olaraq sonda azarkeşlərə nə sözünüz var?
-Əgər doğrudan da gözəl istirahət etmək istəyirlərsə, sadəcə futbola baxıb sevdikləri komandaya dəstək olsunlar. Bu bütün komandaların azarkeşlərinə aiddir. Bundan gözəl zövq yoxdur. 
 
Sohbətləşdi: Emin Hafizoğlu...
 
mənbə: "Nəqşicahan" AAK-nın rəsmi facebook səhifəsi...

Xəbər xətti