Çumbinyo "Qarabağ"da qalacaq AKTUAL

10:33 - 3 Yanvar 2014

"Yunanıstan mətbuatda yer alan bu xəbər yanlışdı"

 

“Qarabağ”a gəldiyi ilk gündən ab-havaya tez uyğunlaşan Çumbinyo qısa zamanda adından söz etdirə bildi. Onun transferi birmənalı şəkildə özünü doğrultdu. O, artıq komandanın aparıcı oyunçularından sayılır.

 

Lakin bir müddət əvvəl Yunanıstan mətbuatında yer alan xəbər “Qarabağ” azarkeşlərini narahat etdi. Son məlumata görə, Çumbinyo Yunanıstanın “Atromitos” klubuna keçmək istəyir. O, hətta bunun üçün ağdamlılara 250 min avro ödəməyə də hazırdı ki, tərəflər arasındakı müqaviləyə vaxtından əvvəl xitam verilsin. Məlumatda Çümbinyonun Yunanıstan klubu ilə 1,5 illik müqavilə barədə razılığa gəldiyi də bildirilir.

Məsələ aydınlıq gətirmək üçün “Qarabağ” klubunun direktor müavini Asif Əsgərovla əlaqə saxladıq. Asif bəy Çümbinyo ilə bağlı yayılmış xəbərlərə belə münasibət bildirdi:

 

“Yunanıstan mətbuatda yer alan bu xəbər yanlışdı. Düzü, belə bir xəbərin yayılması mənə də təəccüblü gəldi. Çumbinyo “Qarabağ”da özünü çox rahat hiss edir, qısa zamanda kollektivin aparıcı üzvünə çevrilib. O, “Qarabağ”da qalacaq”.

Qeyd edək ki, Çümbinyonun “Qarabağ”la müqaviləsi 2015-ci ilin iyununda sona çatacaq. 

Xəbər xətti