"Bütün komandalar "Neftçi"yə qarşı aqressiv oynayırlar" MÜSAHİBƏ

13:22 - 5 Yanvar 2014

Mirhüseyn Seyidov:"Hakimin sifətinə baxanda görünür ki, bunlara heç bir xoş söz demək olmur"
 
"Neftçi"nin gənc yarımmüdafiəçisi Mirhüseyn Seyidovun Sportal.az-a müsahibəsi:
 
- Necə istirahət edirsən?
- Tətili Bakıda ailəmlə və dostlarımla birgə keçirirəm. Hər şey qaydasındadır, iki gündən bir məşq edirdim, yəni ancaq istirahətlə məşğul olmadım. Məşq edirdim ki, toplanışda mənim üçün çox çətin olmasın.
 
- “Neftçi”də  vəziyyətin necədir? Bir müddət  əsas heyətdə idin, sonra heyətə düşə bilmədin...
- Bu qərarlar sırf məşqçi ilə bağlıdır, yəqin o belə məsləhət görür. Mən də şansımız gözləyirəm, “Neftçi” də elədir ki, ilk “11-liy”ə düşmək çox çətindir. Oynamamağımın tam səbəbini bilmirəm. Üzərimdə düşəni edirəm, məşqlərimi edirəm, şansımı da gözləyirəm. Təlim-məşq toplanışında da çalışacam ki, əvvəlki günləri qaytarım, yenidən əsas heyətdə oynayım.
 
- Komandadan ayrılmaq barədə düşünmürsən?
- Bu dəqiqə ayrılmaq barədə düşünmürəm, klub rəhbərliyi ilə də görüşüm olub, həm də klubla müqaviləm var. Hələlik mövsüm qurtarana kimi komandadayam, ondan sonra yenə rəhbərliklə danışığımız olacaq. Komandadan ayrılmaq barəsində də heç kim mənə deməyib.
 
- Ümumiyyətlə, başqa hansısa klublardan təklif almısan ?
- Demək olar ki, yox. Mənimlə maraqlananlarda bilir ki, “Neftçi” ilə kontraktım var. Belə ki, Azərbaycanın ən yaxşı iki komandasından birində oynayıram. Birinci “Neftçi”ni fikirləşirəm, aşağı yerlərdə mübarizə aparan klublardan təklif gəlsə, onlarla danışığa da getmərəm.
 
- Bu mövsüm “Neftçi” istənilən oyunu göstərə bilmir. Yəqin ki, bu fikirlə razısan. Toplanışdan sonra “Neftçi” əvvəlki günlərinə qayıda biləcək?
- Məncə, uğursuzluq hər bir komandada olur. Biz də elədir ki, komanda stabil futbolçulardan ibarətdir. Düzdür komandada məşqçi dəyişikliyi oldu, bu da təsirsiz ötüşmədi. Toplanışda yetəri qədər vaxtımız var ki, çempionata daha yaxşı hazırlaşaq. Hələ heç nə itirilməyib. Liderlə aramızda iki xal fərq var ki, bunu da bir oyun həll edir. Çempionatda bütün komandalar “Neftçi”yə qarşı daha aqressiv
oynayırlar. 
 
- Çempionatdakı hakim idarəçiliyindən razısan?
- Bu mövsüm komandalar da iddialıdır. Bizim oyunlarda çox zaman gənc hakimlər təyinat alır ki, onların da elə çox oyun təcrübələri olmur. Mənə elə gəlir ki, hakimlərin qərəzliliyi yoxdur. Bir-iki oyunda bizə qarşı qərəzli qərarlar oldu, bunun da səbəbini bilmirəm.
 
- Hansı oyunlarda?
- “İnter” və AZAL oyunlarında hakimlər daha çox aqressiv idi. Hakimin sifətinə baxanda görünür ki, bunlara heç bir xoş söz demək olmur. Bu da olur, hakim də insandır, səhv edə bilər. Amma artıq bundan sonrakı oyunlarda çempionluq uğrunda böyük döyüş olacaq, hakimlər işini tam məsuliyyətlə görməlidirlər. 
 
Yusif HÜSEYN

Xəbər xətti