"Neftçi"nin əsas heyətində oynamaq sırası bizdədir"

00:01 - 8 Yanvar 2014

Allahverdiyev:"Bizə isə yalnız bu etimadı doğrultmaq qalır"
 
“Neftçi” PFK-nın gənc futbolçuları Elşən Abdullayev, İlham Allahverdiyev və Mirabdulla Abbasov klubun rəsmi rəsmi saytına açıqlama veriblər.
 
Sportal.az həmin açıqlamaları təqdim edir:
 
Elşən Abdullayev: “İcarə əsasında “Sumqayıt” klubunda çıxış etməklə oyun təcrübəmi daha da artırdım. Bir çox oyunda start heyətində meydana çıxmağım mənim üçün faydalı oldu. Amma əsas məqsəd bu təcrübədən yararlanaraq “Neftçi”nin əsas heyətində möhkəmlənməkdir. Artıq doğma komandamın düşərgəsindəyəm. Məşqlərimizi davam etdiririk. Bizdən öncə də Araz Abdullayev,  Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev və Emin Mehtiyev kimi gənc futbolçular əsas komandaya cəlb olunmuşdu. İndi isə növbə bizimdir”.
 
 
İlham Allahverdiyev: “Yenidən doğma komandamın heyətinə qayıtdığım üçün çox şadam. “Qaradağ Lökbatan” klubunda keçirdiyim bir ildə bacardığım qədər özümü inkişaf elətdirdim. “Neftçi”də isə tam fərqli bir rəqabət var. Çempionluğa oynayan komandanın əsas heyətinə düşmək çətin olsa da, yaxın gələcəkdə bunu bacaracaq gücdə olduğumu düşünürəm. Vacib olan odur ki, klub rəhbərliyi və məşqçilər heyəti bizə güvənir və etimad göstərir. Bizə isə yalnız bu etimadı doğrultmaq qalır".
 
Mirabdulla Abbasov: “Neftçi”də gənc futbolçulara hər zaman şans verilib. Bu səbəbdən də əsas komandaya çağırılacağıma inanırdım. Hətta çalışırdım ki, buna mümkün qədər tez nail olum. Fikrimcə, bu hələ ilk addımdı. Əgər məşqçilərin diqqətini cəlb edə bilsək, bizim əsas komandada qalmaq şansımız var. Elə əvvəlki illərdə də əvəzedici heyətdən bir neçə futbolçu əsas komandaya cəlb olunub orada möhkəmlənmişdi. İnanıram ki, biz də bunu bacaracağıq. İstəyirəm ki, mən də onlar kimi “Neftçi”nin heyətində Azərbaycan çempionu və avrokubokların qrup mərhələsində çıxış edim”.

Xəbər xətti