"Hamı kimi mən də Qurban Qurbanovu bu vəzifədə istəyərdim" MÜSAHİBƏ

15:03 - 8 Yanvar 2014

"Erməni baş məşqçi gəlsə, çəkinmərəm"
 
"Rubin" və milli komandamızın futbolçusu Ruslan Abışovun Sportal.az-a müsahibəsi:
 
- Geridə qalan müddətdə səni “Rubin”in heyətində meydanlarda nadir hallarda görürdük, çox vaxt ehtiyyatda qalırsan. Bunun səbəbi nədir?
- Mənim bu müddətdə məşq baxımından heç bir problemim olmadı. Əsas heyətdə çıxış etməyim isə baş məşqçinin qərarıdır. Kurban Berdiyev elə bir məşqçi idi ki, əsasən adlara üstünlük verirdi. Bütün bunlar keçmişdə qaldı. İnanıram ki, 2014-də zədəsiz və daha çox oynayacağam.
 
- 2013-cü il Ruslan Abışov üçün necə yadda qaldı?
- İlin əvvəlində “Rubin”ə transfer edildim və karyeramda böyük dönüş oldu. Sonradan əməliyyat olundum və çətinliklərim başladı. Bəxtsizlikdən ilin sonunda yenə zədələndim. Ancaq milli komanda ilə oyunlarım yaxşı alındı, yığma ilə 2013-ü yaxşı tamamladıq.
 
- Artıq komandanda baş məşqçi dəyişikliyi oldu və deyilənə görə"Rubin"ə Sanislav Çerçesov gətiriləcək. Bu dəyişiklik sənin xeyrinə ola bilərmi?
- Hazırda bu barədə dəqiq heç nə deyə bilmərəm. Komandaya yeni baş məşqçi gəlsə, çalışacam ki, özümü sübut edim və “Rubin”in əsas heyətində möhkəmlənim.
 
- Baş məşqçi postuna namizədlər arasında erməni də var. O gəlsə, necə olar?
- Mənim hələ “Rubin”lə il yarımlıq müqaviləm var. Erməni baş məşqçi gəlsə, çəkinmərəm. Ancaq bu barədə danışmaq istəmirəm.
 
- “Rubin”də rəqabət güclü olduğundan əsas heyətə düşə bilmirsən? 
- Mən rəqabətdən çəkinsəydim, “Rubin”ə gəlməzdim, ikincisi də burada qalmazdım. 6 ay oynayardım və özümə başqa klub axtarardım. Berdiyev başqa futbolçulara güvəndiyi qədər mənə güvənsəydi, yaxşı çıxış edərdim. Sadəcə mənim mövqeyimdə oynayan futbolçu artıq uzun müddətdir ki, “Rubin”dədir. 
 
- Berdiyevin gedişi ilə “Rubin” itirdi, yoxsa qazandı?
- “Rubin”in sistemini quran bir baş məşqçidir. Onun gedişinin komandaya təsirini zaman göstərəcək. 
 
- Millinin üzvü kimi Berti Foqtsun vəzifəsində saxlanılmasını necə dəyərləndirərdin?
- Əgər başqa əcnəbi baş məşqçi gələcək idisə, ən yaxşısı Foqtsun qalması idi. Əgər yerli məşqçi olacaqdısa, hamı kimi mən də Qurban Qurbanovu bu vəzifədə istəyərdim. Foqts Azərbaycan futbolunu daha yaxşı tanıyır və  bu il də daha yaxşı nəticə qazanacaq.
 
- Bəs Foqtsun qalmasını gözləyirdin?
- Şimali İrlandiya və Rusiya oyunlarından sonra ümidli idim ki, Foqts qalacaq.  Foqtsun dönəmində artıq milli qol vurmağı və yaxşı müdafiə olunmağı öyrənir. Geridə qalan tsikldə üçüncü yerin sahibi ola bilərdik. 
 
- Son vaxtlar mətbuatda adın “Qəbələ” ilə hallandı. Bu xəbərlər nə dərəcədə doğrudur?
- Azərbaycana qayıtmaq haqda düşünmürəm, hələ ki, orada oynamaq istəyirəm. İnşallah, mənim haqqımda xeyirlisi olar.
 
Şahin OĞUZ

Xəbər xətti