"Baxdı və dedi ki, bu komanda ilə yaxşı işlər görmək olar" MÜSAHİBƏ

16:02 - 8 Yanvar 2014

Füzuli Məmmədov: "Düşünürəm ki, Güvənc Kurtar komandanı düzəldər"
 
"Rəvan"ın yeni baş məşqçisi Güvənc Kurtarın köməkçisi Füzuli Məmmədov Sportal.az-a müsahibəsi
 
- "Rəvan"da yeni baş məşqçi Güvənc Kurtarın köməkçisi olacağını gözləyirdin?
- Sözün düzü, gözləmirdim. Çünki mən öz planlarım çərçivəsində hazırlaşırdım. "Rəvan"ın 13 və 19 yaşlılardan ibarət komandasının baş məşqçisi idim və bu komandaları hazırlayırdım. Daha sonra rəhbərliyin qərarına əsasən mənə dedilər ki, Güvənc Kurtara sən kömək edəcəksən.
 
- Bunu Güvənc Kurtar istəyib, yoxsa rəhbərlik?
- Güvənc Kurtar məni tanımırdı. Türk çalışdırıcı Bakıya gələndə yəqin ki,  rəhbərlikdən ona mənim barəmdə məlumat veriblər ki, məni özünə köməkçi təyin edib. 
 
- İlk görünüşdə Güvənc Kurtar bir məşqçi kimi səndə hansı təəssüratları oyatdı?
- Hələ ki, bir yerdə iki məşqdə iştirak etmişik. İsinmə hərəktlərini mən edirəm. Hiss olunur ki, taktikaya üstünlük verir. Bir çox klublarda işləmiş çalışdırıcıdır. İstəyir ki, hücumda daha çox futbolçu ilə çıxış edək. Müdafiənin etibarlı olmağını da istəyir. 
 
- Futbolçu olanda bir neçə baş məşqçi ilə işləmisən. Kurtar ən çox nə ilə seçilir?
- Özünə çox inanan baş məşqçidir, rahatdır. Bu da təcrübəsindən irəli gəlir. Futbolçulara daima inandığını bildirir. Baxırsan ki, futbolçular da daha istəkli olurlar. 
 
- Ondan nəsə öyrənə bilərsən?
- Mən də elə bunu istəyirəm. Çalışacam ki, ondan çox şey öyrənim. Bu mənim borcumdur. Çalışaram ki, kimlərdənsə, yaxşı cəhətləri öyrənim.
 
- Bu mövsüm "Rəvan" baş məşqçiləri ard-arda dəyişdi və bu səfər türk çalışdırıcı Güvənc Kurtarla razılıq əldə olundu. Səncə,  Güvenc Kurtar bu mövsüm sonuncu olacaq?
- Mən elə düşünürəm ki, Güvənc Kurtar komandanı düzəldər. Rəhbərlik və mən ona inanıram. Təcrübəsindən istifadə edib komandamızı toparlaya biləcək.
 
- "Rəvən" hələ ki, eyni heyətlə məşqlərini davam etdirir. yeni çalışdırıcının ilk fikri nə oldu futbolçular barəsində?
- Bəzi futbolçularımızı çox bəyəndi. Baxdı və dedi ki, bu komanda ilə yaxşı işlər görmək olar. Düşünürəm ki, bizə çoxlu legioner futbolçu lazım olmayacaq. Futbolçularımız onda yaxşı təəssürat yaratdı.
 
- Kamil Nurəhmədov komandadan ayrılmalı idi. O, komandada qaldı, yoxsa getdi?
- Qaldı. Demək olar ki, ən çox bəyəndiyi oyunçulardan biri də Kamil oldu. Komandada məşq edir. "Rəvan"da kimlər göndəriləcək, kimlər qalacaq hələ ki, sual altındadı. Hamı məşq edir. Ayın 9-da legioner futbolçular da "Rəvan"la məşqlərə qoşulacaq. 
 
- Güvənc Kurtarın transfer siyasəti hansı yöndə olacaq. Daha çox kimlərə üstünlük veriləcək?
- Kurtar gənc, sürətli, ağıllı futbolçulara üstünlük verir. Hücumçu alacağıq. Müdafiənin ortasına mütləq futbolçu almalıyıq. Orta xəttə də oyunçu alacağıq.  Əsas istəyi meydanda vuruşan futbolçular olsun.
 
Ayaz İbrahimov

Xəbər xətti