"Qəbələ"nin baş məşqçisi:"Taktiki və texniki cəhətdən şotlandlardan geri qalmadıq"

15:06 - 13 Yanvar 2014

"Komandalarımızın meydançada belə rəqiblərlə mübarizə aparması onlara daha çox şey qazandırır"
 
"Çox yararlı toplanış keçirdik. Həm məşqçi heyəti, həm də futbolçular səylə çalışdılar, təcrübələrinə təcrübə qatdılar. Oyunlarda yaxşı mübarizə aparsaq da, nəticələr qənaətbəxş olmadı. Öncədən də dediyimiz kimi belə oyunlarda nəticələrə önəm vermirik. Əsas futbolçularımızın oyun sistemimizə uyğun olaraq mübarizə aparmaları, tapşırıqları yerinə yetirmələri, çalışmalarıdır. İki Şotlandiya təmsilçisi ilə qarşılaşdıq. Bildiyiniz kimi bu ölkə futbolçuları fiziki cəhətdən çox güclü olurlar. Məğlubiyyətlərimizin səbəbləri də rəqiblərimizin həm yaşca böyük olması, həm də fiziki cəhətdən futbolçularımızı üstələmələri ilə bağlı oldu. Amma taktiki və texniki cəhətdən şotlandlardan geri qalmadıq".
 
 
 
Sportal.az xəbər verir ki, bu sözləri  "Qəbələ" Futbol Akademiyasının baş məşqçisi Halim Fıçıcı Türkiyənin Antalya şəhərində 5-12 yanvar tarixlərində təlim-məşq toplanışı keçirən U-16 komandası ilə bağlı fikirlərini açıqlayarkən söyləyib. Fıçıcı belə toplanışların gənc futbolçuların futbol baxışlarının inkişafında əvəzsiz rol oynadığını bildirib:
 
"Toplanış futbolçularımız üçün böyük təcrübə oldu. İlk dəfə Şotlandiya təmsilçiləri - "Hibernian" və "Seltik"lə qarşılaşdıq. Ümumiyyətlə belə toplanışlar futbolçularımızın futbol baxışlarının və dünya görüşlərinin inkişafında əvəzsiz rol oynayır. Biz Qəbələdə məşqlər zamanı belə fiziki cəhətdən güclü rəqiblər haqda söhbətlər aparırıq, onlara qarşı mübarizə üsüllarını futbolçularımıza aşılayırıq. Amma komandalarımızın meydançada belə rəqiblərlə üzləşməsi, mübarizə aparması onlara daha çox şey qazandırır". 

Xəbər xətti