Subotiç:"Fərdi baxımdan futbolçularımız Azərbaycanda ən yaxşılardandır"

00:20 - 15 Yanvar 2014

"İstər oyun, istərsə də nəticə baxımından, mövsümün ilk yarısını müsbət qiymətləndirirəm"
 
"Məşq prosesimiz maraqlı və zövqlü keçir. Mövsümün ikinci hissəsinə səylə hazırlaşırıq. Komandamıza yeni futbolçular da qatılıb. İnanıram ki, onlar da heyətimizə tam adaptasiya olaraq hədəflərimizə çatmaqda yardımlarını əsirgəməyəcəklər. Qarşıda hələ 5 sınaq oyunumuz var. Bu matçlar hazırlığımızın istədiyimiz səviyyəyə çatmasında önəmli rol oynayacaq".
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Daniel Subotiç Antalya düşərgəsi və komandanın hazırlıqları barədə fikirlərini klubun rəsmi saytına açıqlayarkən deyib.
 
O, mövsümün ilk yarısında "qırmızı-qaralar"ın yaxşı çıxış etdiyini və ikinci hissənin uğurlu keçəcəyinə inandığını bildirib. Subotiç heyətdəki futbolçuların yüksək nəticələr qazanmağa qadir olduqlarını vurğulayıb:
 
"İstər oyun, istərsə də nəticə baxımından, mövsümün ilk yarısını müsbət qiymətləndirirəm. Bizim üçün mövsümü ən azından liderlər üçlüyündə tamamlamaq vacibdir. Üç yerdən hansında olacağımızı isə vaxt göstərəcək. Fərdi baxımdan futbolçularımız Azərbaycanda ən yaxşılardandır. Belə futbolçularla istənilən nəticəni qazanmaq olar. Komanda oyunumuzu nizamlamaqla stabil-yaxşı çıxışımızı təmin edə bilərik".

Xəbər xətti