"Özümü bu ruha sahib əsl "Qarabağ"lı hiss edirəm"

21:33 - 15 Yanvar 2014

Ansi Aqolli: "Bunu bütün komanda yaxşı başa düşür"
 
"Hazırlıq gözlədiyimiz kimi keçir. Heç bir problemimiz yoxdu. Ancaq başımızı aşağı salıb məşqlərimizi edirik. Artıq get-gedə fiziki yüklənmələr artır. Bunu da normal qəbul edirik. Nə qədər yaxşı hazırlaşsaq, faydasını görəcəyik". 
 
Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli klubun rəsmi saytına açıqlamasında deyib.
 
Albaniyalı futbolçu çempionatın ikinci yarısına ciddi hazırlaşmağın vacibliyini vurğulayıb:
 
"Nəzərə almaq lazımdır ki, çempionatın 2-ci yarısı daha ağır olacaq. Həm kubok oyunları var, həm də Premyer Liqa matçları daha sıx qrafiklə olacaq. Belədə hər kəs hazır olmalıdı. Bunu bütün komanda yaxşı başa düşür. Hər məşqdən öncə baş məşqçimiz bizimlə söhbət edib yaxşı hazırlaşmağın vacibliyini vurğulayır. Hə, hazırda liderik. Amma bu mövsüm demək olar ki, hamı bir-birindən xal alır. 
 
Biz də liderliyi son turda geri qaytardıq. Ona görə də hər şeyə hazır olmalıyıq. Daha az xal itirən komanda sonda sevinəcək. Təbii ki, sonda sevinənin "Qarabağ" olmasını istəyirəm. Bunun üçün ciddi hazırlaşırıq. Biz meydana hər zaman 3 xal üçün çıxırıq. Fəlsəfəmiz daim qələbə qazanmaqdır. Uğursuzluqlardan məyus olmaq deyil, nəticə çıxarıb qabağa baxmağa alışmışıq. Artıq 3 ildən çoxdur burdayam. Özümü bu ruha sahib əsl "Qarabağ"lı hiss edirəm".

Xəbər xətti