Əziz Yıldırım yenidən həbsxanaya gedir

20:46 - 17 Yanvar 2014

"Fənərbaxça"nı çökdürən xəbər
 
Türkiyədə futbolunda danışılmış oyunlarla bağlı məhkəmənin verdiyi qərarların ölkənin son apellyasiya instansiyası olan Yarğıtay tərəfindən təsdiqlənməsi xəbəri axşam saatlarında aləmi bir-birinə vurub.
 
Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yarğıtay “Fənərbaxça” klubunun prezidenti Əziz Yıldırım haqqında məhkəmənin çıxardığı məhkumluq qərarını təsdiq edib. 
 
Bir müddət öncə məhkəmə Yıldırıma 6 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. Ancaq o, Yarğıtayın qərarına qədər azadlığa buraxılmışdı. 
 
CNN Türk kanalında canlı yayıma qoşulan vəkil Alpay Kose hazırki durumu dəyərləndirib: "Yarğıtayın ratifikasiya qərarına görə, Əziz Yıldırım təxminən 30 ay daha həbsdə qalacaq. 
 
Bununla da, o, "Fənərbaxça" klubuna rəhbərlik etmək hüququndan məhrum ediləcək. Cəzası bitəndən 1 il sonraya qədər də heç bir klubda vəzifəyə gətirilə bilməz".
 
"Fənərbaxça" İdarə Heyətinin qısa zamanda yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edəcəyi bildirilir. Həmçinin 2010/11 mövsümünün çempionu da "Trabzonspor" olacaq.

Xəbər xətti